“Türkdilli dövlətlərin yaxınlaşması bir çox qüvvələrdə qıcıq doğurur. Türkdilli dövlətlər ətrafa heç bir təhdid törətmirlər. Əksinə türkdilli dövlətlərə qarşı ikili standartlar tətbiq olunur, məkrli siyasət həyata keçirilir. Onlar ilk növbədə ciddiyyətlə çalışırlar ki, türkdilli dünya formalaşmasın. Turan ideyası onların hər biri üçün sanki ciddi təhlükəyə çevrilib. Amma bu belə deyil”.
Sulh.info.az xəbər verir ki, bu fikirləri saytımıza danışan politoloq Tofiq Abbasov deyib. O, bildirib ki, biz türk dövlətləri olaraq, bir-birimizlə harmonik şəkildə münasibətlərimizi inkişaf etdiririk:
“Biz hətta pandemiya dövründə gördük ki, Azərbaycan prezidenti İlham Əliyev çevik hərəkətlə türkdilli dövlətlərin zirvə görüşünü keçirdi. Bu görüş video-konfrans formatında keçirilmişdi. Amma bu görüşə böyük həvəslə Macarıstanın baş naziri Viktor Orban da qatıldı, çünki onlar bizim bizim birlikdə müşahidəçi qismində çıxış edirlər. Söhbət əsnasında hansı mətləblər ortaya çıxdı? İlk növbədə, aydınlaşdı ki, bu dövlətlərin arasında heç kəs bağlı qapı siyasətini həyata keçirmək niyyətində deyil. Əksinə Azərbaycan, Türkiyə və digər türkdilli dövlətlər açıq-aşkar bildirdilər ki, Avropa İttifaqı ölkələri hamısı bir-birinin üzünə qapılarını bağlamamalıdır. Məhz belə bir təhdidin olduğu, təhlükənin tüğyan etdiyi vaxtda onun qarşısını almaqdan ötrü əksinə təmasları qüvvədə saxlamaq lazımdır.
Növbəti mərhələlərdə də prezidentimizin çox ciddi görüşləri oldu. Məsələn, qoşulmama hərəkatının əsas qrupunun 40 dövlət əsasında yığışaraq bir araya gəlməsi, BMT Baş Assambleyasında prezidentimizin təşəbbüsü çox böyük əks-səda doğurdu. Birincisi, bizim bir-birimizlə yerüstü sərhədlərimiz var. Biz bir-birimizlə çox harmonik şəkildə həm qonşuyuq, həm yaxınıq, həm də münasibətlərimizi inkişaf etdiririk. Digər tərəfdən, dünya çapında biz elə bir coğrafiyada yer alırıq ki, sağa-sola, şimala-cənuba olan xətlərin hamısı bizim ərazilərdən keçir. Biz isə bundan bəhrələnməyə cəhd göstəririk və bu bizim suveren hüququmuzdur. Buna heç kəs bəhanə gətirə bilməz”.
Politoloq əlavə edib ki, digər dövlətlər öz məkrli siyasətləri ilə bizə heç bir problem yarada bilməyəcəklər:
“Biz Fransanın təxribatçı mövqeyinin şahidi oluruq. Fransa burada çalışır ki, Ermənistan haqsız olduğu halda haqlı çıxarsın. Hətta onlar Ermənistanı Frankofon klubuna dəvət edib və onun üzvü seçiblər. Ermənistanın və erməni dilinin fransız dilinə, mədəniyyətinə nə dəxli var? Burada bağlılıq haradadır? Burada heç bir bağlılıq yoxdur. Amma Fransa çalışır ki, onlara sipər yaratsın. Əgər Fransanın Ermənistan üçün canı yanırsa, gərək oraya investisiya yerləşdirsin. Ermənistan da dövlət kimi öz subyektliyini təsdiqləsin. Amma hazırda subyektliyini itirib, Fransa ona dəstək verir. Məsələn, senatda güya Azərbaycana qarşı sanksiya tətbiq edəcəklər. Bunları etməklə bizə bir problem yaradaraq zərbə vura bilməyəcəklər. Biz onların hər birini dəf edəcəyik.
Türkdilli dünyası öz yeni nəfəsini nümayiş etdirir. Biz illər boyu arzusunda olduğumuz inteqrasiyamıza məhz öz dünyamızdan başlayırıq. Türkdilli dünyanın daxilində artıq yeni mühit, münasibətlər formalaşır. Nəhayət ki, etimad mühiti vəziyyətə hakim kəsilir. Əlbəttə ki, qeyri-sağlam düşüncədə olan qüvvələr narahatlıq yaşayırlar. Amma niyə? Məsələn, siz NATO yaratmısınız. Niyə türkdilli dövlətlərin iqtisadi birliyi olmasın və onlar dünya birliyinə öz tövhəsini verməsin? Mən deyərdim ki, təbliğat maşını qara yaxmalarla məşğuldur. Bütün dünya birliyinə təlqin edirlər ki, güya türklər bir yerdə birləşsələr bu onlar üçün bir təhdiddir. Əsla belə deyil. O, təhrikedici hərəkətlərindən yayınsalar, Yunanıstanı, Ermənistanı türklərə qarşı çevirməsələr daha yaxşı olar. O zaman anlayarlar ki, bizim düşüncəmiz nə qədər safdır. Bunu etməkdən həm çəkinirlər, həm də qorxurlar. Belə bir qorxuya heç bir əsas yoxdur”.
Onun sözlərinə görə, biz türk dövlətləri olaraq sağlam prioritetlər irəli sürürük:
“Yeni dünya mühitinin fomalaşmasından danışılan bir vaxtda, məhz türk dünyasının özünün yeri olmalıdır. Hətta mən istəyərdim ki, Türkiyə Cümhuriyyəti olsun, o BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunsun. Çünki biz bir neçə ölkəni orada təmsil edəcəyik. Ərdoğanın gözəl bir fikri var ki, dünya beşlərdən ibarətdir. Əlbəttə bu belədir. Burada digər regionların, qrupların da mövqeyi bilinməlidir. Qərb dünyası o inhisarını əldən vermək istəmir. Dünyaya hegemonluq missiyası ilə gəlsə də, bu hegemonluq özü-özünü heç edir. Çünki onların başlıca rol oyanamaq istəkləri, jandarm funksiyalarını yerinə yetirmək istəmələri yalnız və yalnız dünyada yeni təhdidlərin, münqişələrin yaranması ilə nəticələnir. Türk dünyasının gələcəyi böyükdür və buna şübhə edənlər sadəcə özlərini aldadırlar. Bizim amallarımız, istəklərimiz, prioritetlərimiz hamısı sağlamdır. İlk növbədə biz öz aramızda inteqrasiyamızı gücləndirəcək, dünya birliyinə də öz lazımlı payımızı verəcəyik”.
Fidan Ali / Sulh.info.az