​Ölkədə telefon qiymətləri artıb: Alıcılıq qabiliyyəti düşə bilərmi? - Mütəxəssis RƏYİ

​Ölkədə telefon qiymətləri artıb: Alıcılıq qabiliyyəti düşə bilərmi? -
15:07 24.11.2022
A- A+

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda oktyabr ayında mobil telefonların qiyməti 32% bahalaşıb. Məlumata görə, oktyabr ayında 1 ədəd mobil telefonun orta qiyməti 375.49 manatdan 379.43 manata qalxıb. Beləliklə, aylıq 3.94 manat və ya 1.1% bahalaşma olub.

Bəs görəsən, mobil telefon bazarında qeydə alınan qiymət artımı bu biznes sahiblərinə və bazara necə təsir göstərəcək?

Bu barədə Sulh.info.az ekspertlərin fikrini öyrənib. İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, artımla əlaqədar olaraq, insanların alıcılıq qabiliyyəti düşə və satış həcmləri azala bilər:

“Azərbaycanda rəsmi inflyasiya uzun müddətdir ki, iki rəqəmli həddə çatıb. Bütün mal və xidmətlərin, o cümlədən xaricdən gətirilən elektrotexnika məhsullarının da qiymətlərində artım müşahidə olunur. Təbii ki, bu qiymət artımı mobil telefonlara da aiddir. İnsanların alıcılıq qabiliyyətini nəzərə alsaq, mobil telefonların qiymətinin sürətli artımı satış həcmlərinin azalmasına səbəb ola bilər.

Amma biz bu sahədə olan böyük şəbəkələrin problemdən çıxış yolunu tapdığının şahidi oluruq. Yəni uzunmüddətli kreditə vermək, aybaay ödəmək kimi seçimlər təqdim edirlər. Amma kreditlə hər ay daha az məbləğ ödənilməsi onun qiymətinin ucuz olduğu anlamına gəlmir. Buna görə də, qiymətlər artdıqca dövriyyənin azalması, ümumiyyətlə, satış həcmlərinin azalması gözlənilir”.

İqtisadçı ekspert Pərviz Heydərov isə bildirir ki, mobil telefonların qiymətində müşahidə olunan artım bu biznes sahiblərinə mənfi təsir göstərməyəcək:

“Mobil telefon bazarında qiymət artımı bu sahədə biznes fəaliyyəti göstərənlərin gəlirlərinə heç bir mənfi təsir göstərə bilməz. Əksinə onların daha çox qazanc əldə etmələri ilə nəticələnir.

Bahalaşma özü həm obyektiv, həm də subyektiv səbəblərlə əlaqədardır. Bu sahədə tələbat yüksəkdir. Bu faktın özü heç də mövcud alıcılıq qabiliyyəti səviyyəsi ilə ölçülmür. Ümumiyyətlə, bu sahədə bazarın özünün spesifik xüsusiyyətləri vardır. Satış və alış üçün geniş stimullaşdırıcı amillər və şərait mövcuddur. Həm də, bizdə onsuz da qiymətlər yüksək idi. Odur ki, burada süni və manipulyasiya elementləri də az rola sahib deyil”.

Fidan Ali / Sulh.info.az