Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzü bərpa etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanıldı. Belə layihələrdən biri Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulmasıdır.
SÜLH.İNFO.az Azərtac-a istinadən xəbər verir ki, ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur koridorunun tərkib hissəsidir. Layihənin icrası nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Dəmir yolu işğaldan azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da öz təsirini göstərəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq.
Horadiz-Ağbənd dəmir yolu xətti 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. 27 ildir ki, qatarların son dayanacağı Füzuli rayonunun Horadiz stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız Qələbə ilə bu yol da aydınlığa çıxır. Hazırda Horadizdən başlayaraq Zəngilan rayonunun Ağbənd qəsəbəsinədək qədər uzanan dəmir yolu xətti yenidən tikilir.
Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-dən artıq süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək.
Dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb. Hazırda minalardan təmizlənmiş 40 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi həyata keçirilir. Artıq 21 kilometrlik hissədə torpaq yatağı hazırlanıb, qaya daşı və çınqıl materialları tökülüb. 3 kilometr hissədə relslər qoyulub. Eyni zamanda, süni qurğuların, o cümlədən körpü və dəmir-beton boruların tikintisi aparılır. Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulması işlərinin 2022-ci ilin sonunadək yekunlaşması nəzərdə tutulur. Böyük strateji əhəmiyyəti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialına böyük töhfə verəcək.