Bu gün ölkə telekanallarında daha çox xarici ölkə istehsalı olan cizgi filmlər yayımlanır. Uşaqlar ya türk kanallarında yayımlanan cizgi, animasiya filmlərini, ya da onların dublyajını izləyirlər. Azyaşlıların maraqla izlədiyi cizgi filmlər onların formalaşmasına təsir edir. Belə ki, onlar xarici ölkələrin cizgi və animasiya filmlərini izləməklə milli dəyərlərimizdən uzaqlaşır.
Maraqlıdır, niyə ölkəmizdə yerli cizgi və animasiya filmi istehsalı zəifdir?
Mövzu ilə əlaqədar olaraq, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi, Azərbaycan Animasiya Assosiasiyası ictimai birliyinin sədri, prodüser Rəşid Ağamalıyev ilə həmsöhbət olduq. Onun sözlərinə görə, ölkəmizdə animasiya film istehsalına lazımi qədər diqqət yetirilmir:
“Milli animasiyamızda problemlər çoxdur, hətta bu sənayeni zənnimcə bir müddət əvvələ kimi “ölü” hesab etmək olardı. Hər zaman qeyd edirəm, bir daha da vurğulamaq istəyirəm ki, Azərbaycanda hazırda 2 milyondan çox uşaq xarici animasiya filmlərini izləyərək böyüyür. Uşaqların dünyagörüşünün formalaşmasında ekranda izlədikləri böyük rol oynayır.
Ümumiyyətlə, televiziya və kino cəmiyyəti formalaşdıran başlıca amillərdəndir. Əlbəttə ki, biz də istəyərdik ki, uşaqlarımız yerli animasiya filmlərini izləyərək böyüsün. Necə ki, zamanında “Pıspısa xanım və Siçan bəy” (Tıq-tıq xanım), “Cırtdan”, “Humayın yuxusu” və s. kimi animasiya filmləri ilə böyümüşük. O dövrün siyasi mühitinə əsasən, rus istehsalı animasiya filmlərini də kifayət qədər izləyirdik, ancaq indi baxsaq, aramızda yuxarıda sadaladığım milli animasiya filmlərini tanımayan yoxdur. Onlar indi mədəni irsimizin incisinə çevrilmiş kult obrazlardır. Hesab edirəm ki, bütün bunlar xalqın əslində yerli kino və animasiyaya nə qədər tələbatı və ehtiyacı olduğunu göstərir.Lakin tələbat olsa da, bu sahəyə yetəri qədər diqqət ayrılmır”.
O, bildirib ki, bu sahəni inkişaf etdirə biləcək mütəxəssislərimiz olsa da, digər problemli məsələ isə bunun üçün şəraitimizin olmamasıdır:
“Uzun illərdir ki, milli animasiyaya diqqət göstərilmirdi. Animasiya sənəti üzrə tədris proqramları azdır. Bunlara baxmayaraq, gənclər öz hesablarına, xarici kurslardan əldə etdikləri biliklərlə qısametrajlı da olsa layihələr hazırlayır, öyrənir, inkişaf etməyə çalışır. Lakin bu kiçik addımlar insanı bəlli bir səviyyəyə qədər gətirib çıxarır. Nəticədə ya yerli mütəxəssislərimiz daha çox karyera perspektivlərinin olduğu xarici ölkələrə köçür, ya da animasiyanı sadəcə bir hobbi kimi davam etdirirlər. Bizim dünya səviyyəsində animasiya filmləri hazırlayacaq potensialımız olsa da, bunun üçün şəraitimiz yoxdur. Dayanıqlı ekosistem olmadığı halda inkişaf ya ləngiyir, ya da ümumiyyətlə dayanır”.
“İnanıram ki, bir neçə il sonra Azərbaycan animasiyasının uğurları çoxalacaq”
“Digər tərəfdən, bu sahədə irəliləyiş gedir. Mədəniyyət naziri Anar Kərimov, eləcə də Mədəniyyət Nazirliyinin audiovizual şöbəsinin müdiri Rüfət Həsənov sayəsində dövlətimizin bu sahəyə qayğısı addım-addım artır. Mədəniyyət Nazirliyi ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının əsas dəstəkçisidir, hansı ki, bu festival hazırda ölkəmizdə yerli animasiya sənətkarlarını dünya animasiya sənayesi ilə birləşdirən yeganə tədbirdir.
Bu yaxınlarda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Nizamnaməsi Cənab Prezident İlham Əliyev tərəfindən təsdiqləndi. ARKA-nın təsis edilməsi çox böyük əməklər nəticəsində baş verib. Buna görə, bir daha Mədəniyyət Nazirliyinin bütün heyətini təbrik etmək istəyirəm. ARKA-nın fəaliyyətə başlaması ilə Azərbaycan kinosunda müsbət dəyişikliklərin olacağı, böyük islahatların keçiriləcəyindən ümidliyik. İnanıram ki, bir neçə il sonra Azərbaycan animasiyasının uğurları çoxalacaq”.
Söhbət əsnasında animasiya filmlərinin yerli televiziya kanallarında yayımlanmaması məsələsindən danışan Rəşid bəy bildirib ki, bunun bir səbəbi milli animasiya filmlərinin yayımlanması üçün qanunun olmamasıdır:
“Qeyd etdiyim kimi, qısametrajlı yerli animasiya filmləri çəkilir. Həmçinin, Azərbaycanın ilk tammetrajlı animasiya filmi “Qarın Qulu” istehsal mərhələsindədir. Bu filmləri televiziya kanallarında izləyə bilmirik, çünki bu proseslə də ayrıca məşğul olmaq lazımdır. Kino sahəsində isə boşluqlar çoxdur, onlardan biri isə milli animasiya filmlərimizin televiziyada yayımlanması ilə bağlı qanunun və ya kvotaların olmamasıdır. Düşünürəm ki, bu boşluğu məhz ARKA dolduracaq.
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına son 5 ildə onlarla milli animasiya filmi qəbul olub, ancaq təəssüf ki, tamaşaçıların bunları yalnız bir dəfə festival daxilində izləmək imkanları olub. Televiziya kanalları ilə əməkdaşlıq edilməsinə, festivalın hər il işıqlandırılmasına baxmayaraq, yerli animasiya filmlərini məhz telekanallarda yayımlamaq təklifi almamışıq. Əgər kimsə televiziya kanalları və yerli animasiya filmləri arasında körpü olmağa hazırdırsa, buna çox şad olaram. Animasiyanın inkişafında daima müttəfiqlərə ehtiyacımız var”.
“Biz də yerli kanallarda həmyerlilərimizin animasiya filmlərini izləməyi çox istəyirik…”
“Dediyim kimi, milli animasiyanın boşluqları çoxdur. Bu sahədə tədris proqramları yaratmaq, festival mühitini inkişaf elətdirmək, beynəlxalq əlaqələri gücləndirmək, filmləri və mütəxəssisləri dünyaya tanıtmaq və həmçinin, bu filmlərlə yerli publikanı tanış etmək-bunların hər biri zaman, resurs, maliyyə və müvafiq kino qanunvericiliyi tələb edir.
Azərbaycan Animasiya Assosiasiyası və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı əlindəki məhdud imkanlarla bacardığı qədər Azərbaycan animasiyasını canlandırmağa çalışır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə animasiya inkişafı ilə bağlı bir neçə inkişaf strategiyaları təklif edir. Biz də yerli kanallarda istedadına və yaradıcılığına bələd olduğumuz həmyerlilərimizin animasiya filmlərini izləməyi çox istəyirik. Bu işlə məşğul olmaq istəyən şəxslər varsa, yaxud hərhansı yerli televiziya kanalı yerli animasiya filmlərini yayımlamaq arzusundadırsa, bu prosesi tezləşdirmək üçün Azərbaycan Animasiya Assosiasiyası əlindən gələni etməyə hazırdı”.
Fidan Ali / Sulh.info.az