Dövlət Sərhəd Xidmətinin (DSX) helikopter qəzasında şəhid olan 14 hərbçisinin dəfn mərasimində jurnalistlərə qarşı kobudluq edilməsi gündəmin əsas müzakirə mövzularından biridir.
Mərasimdə DSX-nın mayoru Rövşən Cahangirov peşə borclarını yerinə yetirən "Baku” TV-nin əməkdaşlarına hücum edərək onlara zor tətbiq edib.
Rövşən Cahangirovun vəzifəsinə, əynindəki mundirə yaraşmayan hərəkəti ictimai qınağa tuş gəlib. İctimaiyyət haqlı olaraq hesab edir ki, DSX mayorunun hərəkəti heç bir mənəvi çərçivəyə sığmır. Bu, ən azı həmin mərasimə hörmətsizlikdir. Axı jurnalistlər sadəcə tədbirdən canlı yayım vermək, eyni zamanda hadisə barədə cəmiyyətə dolğun məlumatın çatdırılmasını təmin etmək istəyiblər ki, burada qeyri-etik və qeyri-qanuni heç nə yoxdur.
Rövşən Cahangirov bu addımı ilə həm də Azərbaycan qanunlarına saymamazlıq nümayiş etdirib. Jurnalistlərin qanuni şəkildə məlumat almaq hüququna dövlət tərəfindən təminat verilir. DSX-nın mayoru bunu anlamamış deyil. Anlamırsa, o zaman, deməli, yerində deyil.
Dövlət tərəfindən mediaya dəstək verildiyi, Prezidentin jurnalistləri dost hesab etdiyi halda Rövşən Cahangirovun bu addımı cəzasız qalmamalıdır.
Məsələ barədə Qaynarinfo-ya danışan ictimaiyyət nümayəndələri də belə düşünür.
Media eksperti Ələsgər Məmmədli baş verənləri "üzücü hadisə” kimi qiymətləndirir. Ekspert deyir ki, şəhidlərin dəfn mərasimində dövlət qulluqçusu xüsusi ilə daha diqqətli davranmalı idi:
"Hələ cəmiyyəti məlumatlandırmaq funksiyasını həyata keçirən jurnalist öz məsləyini icra etmək üçün oradadırsa, istənilən rəsmi qurum və rəsmi şəxslərin ona daha təmkinli, daha etik davranmaq məcburiyyəti var”.
Ələsgər Məmmədli bildirir ki, baş verən hadisə üzücü olduğu qədər də hüquq pozuntusudur:
"Qanunvericiliyə görə, jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq hədəfi belə, cinayət məsuliyyəti yaradır. Hələ şəxs hədədən keçib onu fiziki təmasa gətirirsə, bu, yenə də cinayət məsuliyətidir.
Baş verən hadisə vəzifəli şəxs tərəfindən törədildikdə bir ilə qədər həbs cəzası nəzərdə tutulub. Digər şəxslər tərəfindən törədilərsə, işlah işləri nəzərdə tutulur və 1000 manata kimi cərimə olunur. Ümid edirəm ki, Baş Prokurorluq bununla bağlı ölçü götürəcək və Dövlət Sərhəd Xidmətinin rəsmiləri də belə bir insanı öz strukturunda saxlamayacaq.
Çünku jurnalist cəmiyyət adına informasiya işləyir. Baş verən hadisələr böyük itkimizdir. 14 hərbiçimizin həyatını itirməsi onsuz da bütün cəmiyyəti üzüb və hər kəs oradan gələcək informasiyanı, ordan gələcək qəzanın səbəblərini, eyni zamanda araşdırmanın nəticələrini narahatlıqla gözləyir və jurnalist də bunu təmin etməyə çalışır. Ona görə jurnalistin orada olması kiminsə kefinə, istəyinə görə deyil”.
Əməkdar jurnalist Azər Həsrət də Rövşən Cahangirovun cəzalandırılmalı olduğunu deyib:
"Bütün Azərbaycanın diqqəti 14 nəfər şəhidin dəfn mərasiminə yönəlib, insanlar hüzn işərisində idi. Hamı dəfn mərasimində iştirak edə bilməzdi. Bu baxımdan Azərbaycan mediası dəfn mərasiminin canlı yayımlanması üçün mümkün olan hər şeyi edirdi və yaxşı da edirdi. Həqiqətən də mərasimin canlı efirdən yayımlanmasına ehtiyac vardı. Buna görə mən bütün həmkarlarımıza təşəkkür edirəm. Amma təəssüflər olsun ki, Rövşən Cahangirovun Əməkdar jurnalist, Dövlət Sərhəd Xidmətində vəzifəli bir şəxs kimi jurnalistə, mediyaya qarşı kobud davranışı şəxsən məndə təəssüf hissi doğurdu. Eyni zamanda bu adamın yerində olmamasının təəssüratını yaratdı. Elə bir mərasimdə durub canlı efirdə olan jurnalistə yumruqla hücum etmək nəinki vəzifəli şəxsə, ümumiyyətlə, heç kimə yaraşmır. İkinci bir tərəfdən isə bu, qanun pozuntusudur. Düşünürəm ki, Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev bu adamla bağlı mümkün sərt tədbir görməli və cəmiyyətə də hesabat verməlidir. Bunu belə qoymaq olmaz. Azərbaycan bu gün o dövlətdir ki, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün heç bir əngəl tətbiq etmir, əksinə bütün bu kimi tədbirlərdə dövlət mümkün olan imkanları yaradır ki, jurnalistlər rahat bir şəkildə işləyə bilsinlər. Amma təəssüflər olsun ki, bu poqonlu Rövşən Cahangirov götürüb jurnalistə qarşı kobudluq edir. Düşünürəm ki, ona qarşı Elçin Quliyevin görəcəyi tədbirlə bağlı cəmiyyətin məlumatlandırılmasına ciddi ehtiyac var. Biz görmək istəyirik ki, bu adam hansı cəzanı aldı. İkincisi, ümumiyytlə, mən Elin Quliyevin yerinə olsam, o adamı vəzifədən uzaqlaşdıraram. Çünki adam vəzifəsinə uyğun deyil. Bu davranışı ilə adam göstərdi ki, belə bir vəzifəni daşımağa haqqı çatmır. Haqqı çatmayan adamı isə onun rəhbəri işdə saxlamamalıdır”.