Helikopterdə iki "qara qutu" var. Onlardan birində hadisə anında pilotla yer arasındakı danışıqlar, digərində isə texniki nasazlığın hansı səbəbdən baş verdiyi qeyd olunur.
SÜLH.İNFO.az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
O, "qara qutu"da hansı məlumatların yer aldığından da danışıb.
"Əgər yerdən müdaxilə olunubsa, həmin "qara qutu" açılan zaman bunu orada qeydə alınan danışıqlardan müəyyənləşdirmək olur. Texniki nasazlıq məsələsinə gəlincə, bu, yeni helikopterdə də ola bilər, uçuş zamanı da yarana bilər. Bütün bu məsələlər istintaqın gedişində aşkarlanacaq", - deyə, ekspert bildirib.
Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Nəticədə polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.