​Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanıldı - VİDEO

​Güləş Federasiyasından oğurluq edən şəxslər
19:59 04.12.2021
438 İdman
A- A+

Dekabrın 1-də Nərimanov rayonunda yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edilib.

Bu barədə SÜLH.İNFO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ofisə daxil olan naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat pul olan dəmir seyfi oğurlayıblar. Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən şəxslər - paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov qısa zamandan müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Qeyd edək ki, hadisə vaxtı onlar İmran Zeynalova məxsus avtomobillə ofisin yaxınlığına gəliblər və seyfi oğurlayandan sonra sındıraraq pulu aralarında bölüblər. Saxlanılan zaman dəstə üzvlərindən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.