Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Daxil Qoşunların hərbi həkim-ekspertləri erməni terroru nəticəsində xəsarət almış iki hərbçi və bir mülki şəxsi ziyarət ediblər.
Nazirlikdən SÜLH.İNFO.az-a verilən məlumata görə, hər üç şəxs - ötən ay hərbi xidmət vəzifələrini yerinə yetirərkən Füzuli rayonunda minaya düşən hərbi qulluqçular Sarib Məmmədzadə, Murad Məmmədzadə və Cəbrayıl rayonunda təmir-tikinti işləri apararkən minaya düşən mülki şəxs Natiq Məmmədov hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur. Həkim-ekspertlər tərəfindən onların əyani müayinəsi də aparılıb və hər birinin hazırkı sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olduğu müəyyən edilib.
Müayinə foto-videolar çəkiliş də aparılmaqla aktlaşdırılıb və qısa müddətdə müvafiq şəhadətnamə və göndəriş təqdim edildikdən sonra onlara əlillik dərəcələri təyin ediləcək.