Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev 8 Martda Bakının mərkəzində bir qrup feministin qadın hüquqları ilə bağlı aksiya keçirməsi barədə danışarkən deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev də daim milli-mənəvi dəyərləri yüksək tutmağı, onu ucaltmağı, qorumağı tövsiyə edir: “Dahilərimiz, ulu öndərimiz Heydər Əliyev də daimi olaraq öz kökümüzə söykənməyi bizə təbliğ edirdi. Çox təəssüf edirəm ki, indi bir çox yad meyillərə uyan qadınlarımız var. Onlar haradansa qaynaqlanır, müəyyən pullar, vəsait hesabına kütləvi şəkildə bu cür küçələrə çıxmağı, qeyri-etik normaları pozmağı, Azərbaycan qadınının adına, şəxsiyyətinə nüfuzuna yaraşmayan şüarlar səsləndirməyi özlərinə rəva bilirlər. Bu, düzgün deyil. Bununla cəmiyyətdə heç bir hörmət qazana bilməzlər. Bunlar kiçik quruplardır və xarici ölkələrdən, yerli müxalifətdən dəstək alırlar. Çox təəssüf ki, qadınlarımızın öz bayramlarını şən, firəvan keçirdikləri günlərdə belə bir kiçik qrup ortalığa hay-həşir salmağa, qanqaraçılıq salmağa çalışır. Bu yoldan çəkinməlidirlər. Bu gün Azərbaycan qadını müdrik, dünya görüşlü, ayıqdır. Xalqımız kimin kim olduğunu yaxşı bilir. Belə cəhdlər əbəsdir”.