​DEMOKRATİKLƏŞMƏ VƏ ONUN TRANZİT MODELLƏRİ

​DEMOKRATİKLƏŞMƏ
12:49 16.03.2023
207 Toplum
A- A+

Demokratik dünya nəzəriyyəsi alman filosofu İmanuel Kantın “əbədi sülh haqqında” traktatında  irəli sürülmüşdü. Azad dövlətlər federasiyasının yaradılması ideyasın irəli sürən Kanta görə gələcəkdə demokratik dövlətlər beynəlxalq arenada özlərini qeyri-demokratik ölkələrə nisbətən daha rasional aparacaqlar. Daha yüksək mənəvi prinsiplərə əsaslanan bu ölkələr öz aralarında sülhə nail olacaqlar. XX əsrin ikinci yarısı dünyanın siyasi mənzərəsi mövcud olan avtoritar siyasi rejimlərin bir-birinin ardınca demokratik rejimə tranziti (keçidi) ilə səciyyələnir. Bununla əlaqədar olaraq siyasi elmdə demokratiyaya tranzitin nəzəri əsaslarını işləyib hazırlamaq problemi aktuallıq kəsb etməyə başladı. Politoloqlar müxtəlif regionların xüsusiyyətlərini nəzərə alaraq tranzitin çoxsaylı analitik modellərini işləiyb hazırlamağa cəhd göstərirdilər. Demokratik tranzitlə bağlı olan ciddi tədqiqatların müəlliflərindən biri də Samuel Hantinqton hesab olunur. S.Hantinqton 1991-ci ildə “Journal of Democracy” jurnalında dərc etdiyi məqalədə demokratiyanın inkişafının üç mərhələsini göstərmişdir: 1820-1920-ci illəri əhatə edən birinci mərhələ; 1940-1960-cı illəri əhatə edən ikinci mərhələ; 1970-2000-ci illəri əhatə edən üçüncü mərhələ. S.Hantinqton birinci mərhələni ABŞ-ın sabiq prezidenti Vudro Vilsonun “dünyanı demokratiya üçün təhlükəsiz etməliyik” tarixi ifadəsi ilə əlaqələndirir və göstərir ki, bu mərhələdə bəzi ölkələrdə demokratik təsisatlar qərarlaşmışdır. Politoloqun fikrincə birinci dünya müharibəsinin sona çatması ilə cəmiyyətdə demokratikləşmə yeni vüsət almağa başlayır. Demokratikləşmənin ikinci mərhələsi bir-birinə əks olan iki ictimai sistem - sosializm və kapitalizm arasında mübarizə ilə səciyyələnir. Bu dövrdə sosialist ideyalarının təsir gücünün artması demokratikləşmənin ləng prosesinə öz təsirini göstərirdi. Bu da Qərb üçün narahatlıq doğururdu. Buna görə də 1940-60-cı illər demokratiyanın tarixində ləngimə dövrü kim nəzərdən keçirilir. Hantinqton keçən əsrin 70-ci illərini demokratikləşmənin üçüncü dalğasının başlanması kimi nəzərdən keçirməyi məqsədəuyğun hesab etmişdir. Buna səbəb kimi Avropa, Asiya, Afrika və Latın Amerikasındakı qeyri-demokratik rejimlərin demokratiyaya meyilli olmasım əsas götürürdü. 

XX əsrin 80-90-cı illərindən başlayaraq Qərb dövlətləri avtoritar rejimlərin demokratikləşməsinə ciddi səy göstərməyə başladılar. Şərqi Avropada və SSRİ-də sosialist sisteminin dağılması demokratikləşmənin üçüncü dalğasının qlobal xarakter almasına səbəb oldu. Bu dalğanın təsiri altında Şərqi Avropada və keçmiş SSRİ məkanında bir sıra ölkələr azad demokratik inkişaf yoluna qədəm qoydular. Tranzit mərhələsini keçmə səviyyəsinə görə adətən həmin ölkələri şərti olaraq bir neçə qrupa ayırırlar (müsbət gələcəyi olan ölkələr; inkişafı orta səviyyədən yuxan olan ölkələr; XX əsrin sonu XXI əsrin əvvəllərində iqtisadi və siyasi gələcəyi qeyri-müəyyən olan ölkələr; gələcəyi əlverişsiz olan ölkələr) təklif edirlər.     

    Hantinqton cəmiyyətdə baş verən proseslərin təsiri altında üçüncü dalğa ölkələrinin demokratikləşməsinin transformasiya və əvəz edilmə kimi variantlarını da müəyyənləşdirmişdir.

- Transformasiya. Hökumət güclü müxalifətə malik olmalıdır, istər-istəməz o, keçid prosesində başlıca rol oynamalıdır.

- Əvəz edilmə. Bu model keçmişlə əlaqənin tam kəsilməsini və əvvəlki hökumətin siyasi aləmdən tam getməsini səciyyələndirir. Belə halda hökumət, adətən mühafizəkarlardan təşkil edilir və rəhbərin şəxsi diktaturası kimi mövcud olur.)

Demokratik təsisatların formalaşması istiqamətində S.Hantinqton tranzitin beş modelini fərqləndirmişdir:

- dövrü dəyişmə modeli - avtoritar və demokratik rejimlərin dövrü dəyişməsi (Braziliya);

- dayandırılan demokratiya  modeli - demokratiyanın bərpasına cəhd, avtoritar rejimin təşkili ilə əvvəlki sabitlik aradan qalxır (Çili);

 -ikinci cəhd modeli - (İspaniya);

 -birbaşa keçid modeli-əvvəllər demokratik inkişaf səviyyəsinə malik olmayan dövlətlərdə demokratikləşmə-(Şərqi Avropa ölkələrinin nümunəsində).

-müstəqillik əldə etdikdən sonra demokratiyanın qərarlaşması modeli- (SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış respublikaların bəzisində baş verən demokratikləşmə prosesini göstərmək olar)

     Müasir politolloji ədəbiyyatlarda demokratiyaya keçidin (tranzitin) müxtəlif yolları göstərilir:

  1. Yuxarıdan həyata keçirilən islahatlar;
  2. Abdikasiya - köhnə rejimin iflası;
  3. Tədrici transformasiya.

1. Tranzit prosesləri ilə bağlı birinci yol “yuxarıdan həyata keçirilən islahatlar” adlanır. İslahatları aparan dövlət başçısı rejimin demokratikləşməsini arzu etsə də o çox vaxt öz hərəkətlərində ardıcıl olmadığına görə bu islahatlar baş tutmaya da bilər (SSRİ dövürünün yenidənqurma mərhələsi). liberallaşdırma hələ rejimin demokratikləşməsi demək deyildir. Polşa politoloqu A.Pşevorski isə göstərir ki, liberallaşma çox vaxt qeyri-sabitliyi və daxili proseslərin müxtəlif yönümlü olması ilə səciyyələnir. O bəzən mövcud avtoritar rejimin güclənməsinə, bəzən isə demokratikləşmənin ilkin mərhələsinə keçidlə nəticələnə bilər. 

2. Tranzit prosesləri ilə bağlı ikinci yol abdikasiya (köhnə rejimin iflası) adlanır. Bu o zaman baş verir ki, hakimiyyətdə olan qeyri-demokratik rejim özünün qeyri-konstitusion əməlləri ilə xalqın qarşısında legitimliyini itirir və nəticədə hakimiyyəti demokratik qüvvələrə verməyə məcbur olur. Hakimiyyətin təqribən abdikasiya formasında dəyişilməsi XX əsrin 80-ci illərində Şərqi Avropanın bəzi ölkələrində (Rumıniya-Polşa), 2003-cü ildə isə Gürücüstanda baş vermişdir. Abdikasiya formasında köhnə rejimin iflası ilə nəticələnən hakimiyyət dəyişiklikləri 2011-ci ildə bir sıra ərəb ölkələrində və 2018-ci ildə Ermənistanda da özünü göstərmişdir. 

3. Tranzit prosesləri ilə bağlı üçüncü yol “tədrici transformasiya” adlanır. Bu yolun əsas xüsusiyyətlərindən biri də iqtidarla müxallifət arasında əldə edilmiş razılaşma hesab olunur. Politoloqların fikrincə həmin yolun mümkünlüyü üçün hər şeydən əvvəl müxalifət iqtidarla işləməyə razılıq verməlidir. Bu da siyasi qüvvələr arasında normal münasibətlərin yaranmasına imkan verən uzun müddət davam edərək müəyyən çətinliklərə məruz qalsa da, bir sıra ölkələrin, o cümlədən Yunanıstan, İspaniya, Çili və digər Latın Amerikası və Asiya ölkələrinin tarixi təcrübəsində özünü doğrultmuşdur. Uzun vaxt tələb edən tədrici keçid (tranzit) adətən, yeni konstitusiyanın qəbulu ilə müşayət olunur. Bu istiqamətdə əsas vəzifə mövcud siyasi sistemin təsisatlanması və konstitusionallaşmasmı (qanuniləşmə) təmin etməkdən ibarətdir. 

 Tranzit zamanı milli spesifik xüsusiyyətlər də nəzərdən qaçırılmamalıdır. Qeyd etmək lazımdır ki, demokratiyanın reallaşması üçün hər bir ölkənin qonşu, region və müştərək tarixə malik olan dövlətlərlə birlikdə uyğun təcrübələri mütləq nəzərə alınmalıdır. 

 

 

Ramil Allahverdiyev