​Ordumuz Rusiyanın planlarını alt-üst etdi - Bakı Moskvadan 10 Noyabr şərtlərini tələb edir!/VİDEO

​Ordumuz Rusiyanın planlarını alt-üst etdi
12:26 27.03.2023
245 Hərbi
A- A+

105 gündür ki, Xankəndində baş tutan aksiyalara Rusiya Sülhməramlıları heç bir reaksiya göstərmir. Nə Müdafiə Nazirliyinin, nə də digər qurumların fikirlərinə cavab verməyən Rusiya Müdafiə Nazirliyi lokal nəzarət tədbirlərindən söz açıldıqda dərhal reaksiya verib.

Məsələ ilə bağlı siyasi şərhçi Oqtay Qasımov belə deyib:

 "Rusiyanın 2 ildə Qarabağdakı fəaliyyəti təbii olaraq birbaşa Kremlə bağlıdır. Sülhməramlıların 105 gündür davam edən aksiyalara münasibət bildirməməsi, ekofəalların müraciətlərinə cavab verməməsi əlbəttə ki saymamazlıqla bağlıdır. Rusiya bu aksiyalardan öz xeyrinə istifadə edərək ermənilərin təbliğat işləri aparmasına kömək etməyə və Azərbaycana təzyiq göstərməyə çalışır. Çünki burada ermənilərin və Rusların maraqları üst-üstə düşür. Rusiya Sülhməramlıları Kontingentinin hüquq məsələləri mandatına təyin olunması və ona hüquqi statusun verilməsi məsələsinin həllini tapması Rusiyanın əsas istəklərindən biridir. Və əlbəttə ki, digər bir maraq isə burada daha uzun müddət qalmaq idi. Hətta bu istəkləri ermənilərin dilindən səsləndirilmişdi. Rusiya tərəfi elə hesab edirdi ki, Azərbaycan tərəfi sadəcə açıqlamalarla kifayətlənəcək. Lakin Azərbaycanın səbri tükənməz deyil, ölkəmiz bir daha necə qərarlı olduğunu nümayiş etdirdi. Azərbaycan bir daha bildirdi ki, 2 tərəfin də təxribatçı fəaliyyətləri ilə razılaşmaq fikrində deyil.

 Qarabağda yerləşən hərbçilərin mütləq əksəriyyəti Ermənistan ordusuna bağlı birliklərdir. Rusiya tərəfi ən azından bundan sonra normal davranışa keçməli, Azərbaycanla məsələləri müzakirə etməli, ən vacibi isə 10 Noyabr sazişinin şərtlərinə qeyd-şərtsiz yerinə yetirilməsinin təmin olunmasına çalışmalıdır. Bu bəyənatdakı bəndlərdən biri Qarabağ ərazisində olan Ermənistan hərbi birləşmələrinin son nəfərinə qədər çıxarılmasıdır. Azərbaycan nümayiş etdirir ki, Qarabağ ərazisində silah gəzdirən hər şəxs ölkə üçün potensial təhlükədir. Mən düşünürəm ki, Rusiya sülhməramlıları əgər yenə həmişəki davranışlarına davam edərsə, Qarabağdakı silahlı birləşmələri müdafiə edəcəksə bu halda Azərbaycan öz tələblərinin yerinə yetirilməsi üçün daha ağır cavab verəcək. Rusiya erməni silahlı dəstələrini dəstəkləməklə özü özünə böyük ziyan vurur. Belə ki, bir neçə gün əvvəl Rusiya prezidenti haqqında Beynəlxalq Cinayət Məhkəməsində qərar verilib. Əgər Putin Ermənistana gələrsə, Ermənistan tərəfi öz öhdəliyinə əsasən onu həbs edə bilər. Nəticə olaraq Rusiya Azərbaycana qarşı öhdəliklərini yerinə yetirməlidir. Bu onun özü üçün də vacibdir."