​Bu hallarda körpə uşağın başına papaq qoymaq olmaz - Həkimdən Xəbərdarlıq

​Bu hallarda körpə uşağın başına papaq qoymaq olmaz
15:55 27.03.2023
283 Ölkə
A- A+
“Yeni doğulan körpə hətta heç bir örtüksüz sadəcə ananın qucağına verilsə də, başına papaq qoyulur. Çünki isti ana bətnindən (bədən temperaturu) nisbətən soyuq mühitə çıxır. Saçları, dərisi yaş olur və daha tez soyuya bilir. Ümumiyyətlə, körpənin başı ilə bədənin istiliyini üçdə biri itirilir və bu da soyumaya gətirə bilər”.

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr aytən İsmayılzadə deyib. O bildirib ki, həmişə papağa ehtiyac yoxdur:

“Yeni doğulanda papaq ona görə lazımdır ki, körpənin adaptasiya funksiyaları hələ mükəmməl deyil. Yəni soyuğa dərhal uyğunlaşa bilmir. Sonra isə normal ev şəraitində papaq taxmaya bilər. Əsasən də ev istidirsə, körpə ana ilə yatırsa, lazım deyil. Çünki hələ tər vəzləri işə başlamayıb. Bədən hərarəti baş ilə tənzimlənir. Papaq qoyanda isə artıq istilik çıxa bilmir və uşaq narahat olur, tərləyə bilmir, bədən mayesi buxarlanır. Bu özü də susuzlaşma kimidir. Ona görə bu nüanslara diqqət edin”.

Mütəxəssisin sözlərinə görə, soyuq havaya çıxaranda da papaq qoymaq lazımdırki, bədən çox soyumasın:

“İsti havada da nazik şapka lazımdır ki, baş qızmasın. Çünki başın artıq istilənməsi yenə termorequlyasiyanı pozacaq”.

A.İsmayılzadə həmçinin əlavə edib ki, körpənin saçlarnı tez kəsməyə tələsmək lazım deyil:

“Saçlar başın təbii papağıdır. Saçlar arasında qalan hava təbəqəsi hesabına baş gec soyuyur və gec qızır.

Ev şəraitində uşağın öz saçları ona yetərlidir. Və bəzən kiminsə saçı sıx, başqasınınkı isə seyrək olur. 

Bir də papaqdan əlavə körpələrin başını, boynunu yaylıq ilə sarıyırlar. Bu, heç lazım deyil. Boyunda bişməcələrin yaranmasına tez şərait yaranır, uşaq narahat olur. Hava girməyə yer tapmır, termorequlyasiya pozulur. Tərləmə olmadıqca isə elə bilirik ki, uşağa isti deyil”.