Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.
2020-ci ildə edilən bu dəyişikliklə fiziki şəxslər xaricdən özləri ilə birliktə rüsum ödəmədən gətirə biləcəyi malların limiti 800 dollara endirildi. Bu limit əvvəl 1500 dollar idi. Yəni əvvəl vətəndaşlar xaricə gedərək özləri ilə birliktə 1500 dollara kimi məhsul gətirə bilirdilər və gömrükdə bu məhsula görə rüsum ödənilmirdi.
Məhsulun dəyəri 1500 dolları keçdiyi zaman gətirən fiziki şəxs gömrüyə məhsula uyğun rüsum ödəməli idi. İndi isə bu limit 800 dollara endirildi. Belə ki, fiziki şəxs xaricdən özü ilə birliktə gətirdiyi məhsulun dəyəri 800 dolları keçməməlidir. Əks halda gömrük qaydalarına əsasən rüsum ödənilir. Qaydalarda edilən bir digər dəyişiklik isə karqo şirkətləri və Azerpoçt vasitəsilə xaricdən gətirilən məhsullara aiddir.
Bu dəyişikliyə əsasən vətəndaş internet üzərindən 1000 dollaradək məhsul sifariş etdiyi zaman gömrükə rüsum ödəmirdisə, bu limit 300 dollara endirildi. Yəni karqo şirkətləri və “Azerpoçt” daşıma servisi ilə xaricdən dəyəri 300 dollardan artıq məhsul sifariş etdikdə gömrüyə rüsum ödəməlidir.
Belə ki, qaydalar 1 ay ərzində edilən sifarişlərə aiddir. Həmçinin 1 ay ərzində 1 məhsuldan eyni və ya eynicinsli 2 ədəddən daha çox gətirildiyi halda gömrük limitini keçməsəniz belə rüsum ödənilməlidir.
Vətəndaşlar ay boyunca maksimum 300 dollar ( 510 manat) dəyərində məhsulu xaricdən ölkəyə gətirə bilərlər. Bu limiti keçənlər əlavə rüsum ödəmək məcburiyyətində qalırlar. Həmin limit 2020-ci ildə 1000 dollar yəni 1700 manat təşkil edirdi, lakin son 2 ildə limitin bu qədər endirilməsinə səbəb nədir?
Nəyə görə vətəndaşların xaricdən mal gətirilməsinə bu qədər ciddi məhdudiyyətlər qoyulur?
Məsələ ilə bağlı Referans.az-a danışan İqtisadçı ekspert Natiq Cəfərli xaricdən gətirilən mallara bu kimi az limitin qoyulmasını tənqid edib və limitin çox olmasının yerli market şəbəkələrinə sərf etmədiyi üçün bu qədər minimuma endirildiyini bildirib:
“Xaricdən gətirilən mallara bu kimi az limitin qoyulması digər İT sahələrinin belə inkişafına mane olur. Xaricdən sifariş etmək bir tək mal gətirmək məsələsi deyil, bunun platforması qurulur, ölkədə karqo şirkətləri fəaliyyətə başlayır, qısacası yeni biznes, yeni iş imkanları yaranır. Əslində limitin bu qədər aşağı olması sualının cavabı çox sadədir, Azərbaycanda bir çox mağazalar, eyni zamanda iri ticarət şəbəkələri var və onların icarədarları var ki, bu onlara sərf etmir. Yerli market şəbəkələrindən alınan mallar isə bir qrup insanların marağını kəsb edir, amma dövlətin də borcudur ki, bir qrup insanın yox, on milyonluq əhalinin istədiyinə dair qərarlar versin və vətəndaşların maraqlarına uyğun olan addımlar atsın. Dövlətin belə məhdudiyyətlər qoyması düzgün deyil, biz dəfələrlə təklif eləmişik ki, bu 300 dollar məhdudiyyəti qaldırılsın, limit artırılsın, lakin buna məhəl qoyulmur. Bir ara prezident fərman vermişdi və limit 10000 dollara qaldırılmışdı, lakin iki həftə sonra qərar ləğv olundu. Bu məsələni gündəmə gətirməklə yenidən limiti qaldırmaq olar və bu sahədən kiçik biznes kimi istifadə etmək istəyən şəxslərə fürsət tanınmalıdır. Yəni bu sahədəki məhdudiyyətləri artırmaqdansa, bunu idarə etmək lazımdır, idarə etməyin ən yaxşı yolu da bunu vergiyə cəlb eləmək və vətəndaşların kiçik bizneslə məşğul olmasına şərait yaratmaqdır."