Fevralın 20-si Almaniyadan İrana səfər edən Fərid Səfərlidən heç bir xəbər yoxdur.
Bu barədə Cebhe.info-ya açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. Bundan öncə oğlunun axtarışlarını Almaniya və İranda davam etdirən Dilarə Əsgərova İranın Azərbaycandakı səfirliyindən ona xəbər veriləcəyini bildirmişdi. Lakin o, səfirlikdən də heç bir məlumatın verilmədiyini deyib:
“Heç bir məlumat almamışam. Dünən Xarici İşlər Nazirliyi ilə danışmışam, dedilər ki, onlarda da hər hansı bir məlumat yoxdur”.
Tehranda vəkil tutub, oğlunun tapılması üçün İran hüquq-mühafizə orqanlarına müraciət edən ana İrandan da bir xəbər çıxmadığını qeyd edib. Xatırladaq ki, bu il Almaniyanın Yena Universitetində magistr təhsilini başa vuran Fərid Səfərli fevral ayının 20-si Almaniyadan İrana gedib. Anasının bundan öncə saytımıza verdiyi məlumata görə, Fərid Səfərli İrana tanış olduğu qızla görüş üçün gedib. Lakin martın 4-dən ondan heç bir məlumat almaq mümkün olmayıb.
Anası Dilarə Əsgərova oğlunu Almaniyada, İranda axtarıb. İranın Almaniyadakı səfirliyinə müraciət edib. İranda oğlunun tanış olduğu qız haqqında heç bir məlumat ala bilməyən ana vəkil vasitəsilə İranın hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət ünvanlayıb. Məhkəmə Fərid Səfərlinin yerinin müəyyən olunması ilə bağlı bütün təcridxanalar sorğu göndərəcəyini bildirib. Bundan sonra İrandan Azərbaycana qayıdan Dilarə Əsgərli İranın Azərbaycandakı səfirliyinə müraciət edib, səfir müavini ilə görüşüb.