​Bəraət alan Elçin qardaşını buna görə öldürübmüş - Foto

​Bəraət alan Elçin qardaşını buna görə
14:59 09.12.2021
157 Hadisə
A- A+

Bakıda bir neçə ay öncə işıq pulunu ödəməyə görə başlanan dava zamanı onu bıçaqlayan qardaşını öldürməkdə ittiham edilərək həbs edilən Elçin Camalovun cinayət işi üzrə detallar məlum olub.

SÜLH.İNFO.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elçin Camalov qətlə yetirdiyi qardaşı Etibar, onun arvadı Kəmalə, anası Milayimə, digər qardaşı Elbrus və bacısı Şəbinə ilə ikimərtəbıki eyni evdə yaşayıblar.

Qardaşı Etibar və arvadı Kəmalə ikinci mərtəbə qalırmış. Novruz bayramı öncə işıq pulunu ödəmədikləri üçün artıq iki gündür ki evlərində elektrik kəsilibmiş.

Elçin Camalov ifadəsində qeyd edib ki, martın 18-də işıq pulunu ödəməyə kömək etməsi üçün qardaşı Etibarın yaşadığı otağa gedərək ona bu barədə məlumat verib: "Qardaşım köməklik edəcəyini deyib məni yola verdi, mən də öz evimə qayıtdım. Axşam saat 12-yə işləmiş təkrar onun evinə gedib biraz əsəbi şəkildə Etibara bayram günü bizi qaranlıqda qoymamasmı və işıq pulunu verməsi üçün köməklik etməsini dedim. Etibarın yenə məni yola verdiyinə görə əsəbləşdim, bu vaxt qardaşım mənim sinəmdən yapışıb kəllə ilə alnımdan vurdu. Onun sakitləşməsi üçün heç nə demədən öz yaşadığım evə getdim. Anama olanları danışdım, bu vaxt dedim ki, Etibarın özündən olsa pul mütləq verərdi, ancaq onu arvadı Kəmalə öyrədir ki, pul verməsin.

Təxminən 5-10 dəqiqə sonra Etibar gələrək evin qapısını açdı, həmin vaxt qapının yanında dayanmışdım. Etibar bıçaqla mənim başıma vurdu, bıçağın tiyəsi başım, alnım, burnumu kəsdi. Sonra bıçaqla sinəmdən vurdu, ikinci zərbəni yetirəndən sonra otaqdakı stolun üstündə olan mətbəx bıçağını götürüb Etibarın sinəsindən iki dəfə vurdum. Etibar bundan sonra arxaya doğru gedib "vurdu məni, vurdu məni" dedi. Mən də onun çıxıb getməsi üçün qapını bağladım. Mənim qardşaımı öldümrək niyyətim olmayıb, onu özümdən uzaqlaşdrımaq üçün bıçaqla vurdum".

Etibar Camalovun arvadı Kəmalə Cavadova da Elçin Camalovun dediklərinə uyğun ifadə verib. O əlavə edib ki, əri Etibarla qaynı Elçin mübahisə edəndən sonra o marketə gedib: "Evin yaxınlığındakı dükana gedib şam alıb yuxarı çıxanda Elçinin anası ilə danışarkən mənim barəsində nalayiq sözlər işlətdiyini eşitdim.

Yuxarı çıxıb Etibara bunları dedim, o da zal evdə olan "karobka"nm içərisindən qatlanan bıçağı götürüb qapını örtüb aşağı düşdü. Təxminən 5 dəqiqə sonra Etibarın qışqırıq səsini eşidib çölə çıxdım, al qan içində idi. Onu evə apardıq, təxminən 15-20 dəqiqə ərzində öldü".

K.Camalova bildirib ki, Elçinə yaxud Milayimə heç vaxt pislik etməyib: "Etibarı heç vaxt onlara qarşı qoymamışam, əksinə Etibarın onlarla həmişə mehriban olmasını istəmişəm. Hadisə günü də Etibarı qızışdırmadım, sadəcə Elçinin mənim barəmdə nalayiq sözlər danışdığını dedim".

Təqsirləndirilən Elçin Camalovun vəkili Nəriman Əliyev məhkəmədə müdafiə nitqi ilə çıxış edərək bildirib ki, müvəkkilinə ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə bəraət verilməlidir: "Qanunvericiliyə görə, özünü müdafiə edənin həyatına qəsd edən şəxsə zərər vurmaq yolu ilə törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Zəruri müdafiə - qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir. Hücum edənə zərər vurmadan başqa yollarla qəsdin qarşısının alınmasınin zəruri müdafiə ilə əlaqəsi yoxdur. Qanunun mənasına görə, həyata qəsd edən hərəkətlərdən müdafiə olunarkən hücum edənin öldürülməsi halında müdafiə hərəkəti qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olacaqdır.

Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, hüquqlarını müdafiə etdiyim Camalov Elçin Feyzəməd oğlunun qardaşını öldürmək məqsədi olmayıb, özünü müdafiə etmək məqsədilə qardaşını özündən uzaqlaşdırmaq üçün ona bıçaqla zərbə vurub. Göstərilənlərə əsasən məhkəmədən xahiş edirəm ki, Elçin Camalova bəraət verəsiniz".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev Elçin Camalov barəsində bəraət hökmü çıxarıb.