​Prezident tapşırıq verdi - Nazir Komando Mərkəzinə getdi

​Prezident tapşırıq verdi
15:07 07.04.2023
230 Hərbi
A- A+
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi "Komando başlanğıc kursu"nun gedişatı ilə tanış olub.

Məruzə edilib ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Keçirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, döyüş vərdişlərinin təkmilləşdirilməsi, eləcə də liderlik keyfiyyətlərinin artırılmasına yönəldilir.

Məşğələləri izlədikdən sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir. Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, Ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi qulluqçularla yanaşı hərbi institutda təhsil alan gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Məşğələləri izlədikdən sonra mərkəzdə yeni istifadəyə verilən tibb məntəqəsinə gələn müdafiə nazirinə məruzə edilib ki, müasir tələblərə cavab verən məntəqədə hərbi qulluqçuların sağlamlıqlarının təmin olunması, onlara ilkin yardımın göstərilərək ehtiyac olduğu təqdirdə hospitala təxliyə edilməsi üçün lazımi şərait yaradılıb. Tibb məntəqəsində qəbul-diaqnostika otağı, palatalar, eləcə də inzibati otaqlar mövcuddur.

Daha sonra general-polkovnik Z.Həsənov çöl çıxışında olan kursantların səhra düşərgəsinə baxış keçirib. Düşərgədə şəxsi heyətin qalması, qidalanması və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri kursa cəlb olunan heyətə keçirilən dərslərin daha dərindən öyrənilməsi və onların gələcəkdə əsl hərbi mütəxəssis kimi yetişməsi üçün öz tövsiyələrini verib.

Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.