Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli sürücülük vəsiqələrinin sınaq müddəti çərçivəsində veriləcəyi, sürücülər üçün bir çox sərt tələblərin irəli sürüləcəyi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, yeni təkliflər islahatlara yol açmır, əksinə, onlara mane ola bilər:
"Bu addım Dövlət Yol Polisinin əldə edilən gəlirlərinin artmasına hesablanmış təkliflərdir. Bəzi dairələr "qara yollarla” gəlir əldə etmək istəyirlər. Hələ də ölkəmizdə sürücülük vəsiqələrinin verilməsində rüşvət əsas meyar olaraq qalmaqdadır. Onun nəticəsidir ki, avtomobil yollarında tez-tez yol-nəqliyyat hadisələri baş verir. Belə hadisələrin azalmasına nail olmaq üçün ilk növbədə sürücülük vəsiqələrinin verilməsində şəffaflığa nail olmalıyıq”.
Ekspertin fikrincə, sürücülük vəsiqəsinin sınaq müddətində verilməsi, idarəetmədən uzaqlaşdırılanın yenidən imtahan verməsi kimi məsələlər son zamanlar cəmiyyətdə sürücülük vəsiqələrinin verilməsində rüşvət amilinin əsas rol oynadığı barədə formalaşan rəyi manipulyasiya etmək üçündür:
"Bununla göstərmək istəyirlər ki, guya həmin rəylə hesablaşaraq, tədbir görürlər. Amma əslində həmin tədbir bu sahədə rüşvətin daha da çiçəklənməsinə şarait yarada bilər”.
Ekspert qeyd edir ki, sürücülük vəsiqəsinin verilməsi üçün keçirilən imtahanlar da Dövlət İmtahan Mərkəzinə həvalə edilməlidir:
"Sürücülük vəsiqəsi almaq üçün yenidən imtihandan keçmə məsələsi gündəmə gəlsə də, imtahanı Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Bütün imtahanlar mərkəzləşdirilərək, bir qurum tərəfindən həyata keçirilməsi vacibdir. O, cümlədən sürücülük vəsiqəsinin verilməsi məsələsi də bu müstəvidə öz həllini tapmalıdır”.
Qeyd edək ki, bir sıra media orqanlarının yazdığına görə, "Yol hərəkəti haqqında” qanunda dəyişikliklər nəzərdə tutulur. Edilən dəyişikliklərə görə, sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə də qısa müddətdə ərzində kobud qayda pozuntusuna yol versə onun idarəetmə hüququ məhdudlaşdırılacaq, sürücülər üçün bir sıra qadağalar qüvvəyə minəcək.