Başqa ölkələrdən də varlılar bu şəhərə axışır, amma Azərbaycandan Mayamidə yaşayan, həm də burada şirkət qura bilən nadir şəxslərdən biridir Şamxal Həsənli...
Onun üstünlüyü savadlı olmasında, yaxud “vunderkind” doğulmasında yox, məhz Əli Həsənovun oğlu olmasıdır. Əli Həsənovun üstünlüyü isə vəzifədə olarkən dövlət büdcəsindən mediaya ayrılan vəsaiti mənimsəmək və bu pullar hesabına nəhəng biznes şəbəkəsi qurmaq bacarığıdır. Atanın oğurladığı pullarla oğul Mayamidə kef edir.
O pullar ki, Azərbaycan mediasının inkişafına sərf edilməli idi, amma bu gün Şamxal Həsənli medianın, yəni bütün jurnalistlərin pulunu Mayamidə xərcləməklə məşğuldur.
Əli Həsənov vəzifədə olanda oğlu Şamxal Həsənlini “Xəzər TV”-yə rəhbər qoymuşdu, Şamxal da hədiyyə kimi qəbul etdiyi bu vəzifədə pul qazanır, həm də kef çəkirdi. Tale elə gətirdi ki, Əli Həsənov vəzifədən, Şamxal Həsənli isə “Xəzər TV”-dən, həm də Azərbaycandan getdi. ABŞ-a köçən Şamxal Həsənli Mayamidə mediamıza ayrılan, amma atası ilə birlikdə mənimsədiyi pulların hesabına mülklər aldı, təhsilini davam etdirdi, hətta şirkət də qurdu.
İndi Şamxal Həsənlinin Mayami macəraları maraqlı hadisələrlə gündəm olur. Belə ki, o Mayamiyə köçəndən sonra daşınmaz əmlak bazarına meyl salıb. Bu sahə həm gəlirlidir, həm də bu işlə məşğul olmaq üçün kifayət qədər kapitala malik olmalısan. Necə deyərlər, “Pul bir ingilisdədir, bir də Həsənovlarda”.
Əvvəlcə daşınmaz əmlak şirkətlərində işə başlayan Şamxal Həsənli daha sonra özünün “SOLIS DEVELOPMENT LLC” adlı şirkətini qurdu. Mayamidə belə bir şirkət qurmaq üçün on milyonlarla vəsait lazımdır ki, Şamxal Həsənlidə olan bəlkə də yeganə şey mediadan oğurladıqları milyonlardır. Şirkət quran Şamxal Kolumbiya Universitsteinin daşınmaz əmlak ixtisasına da qəbul olundu. Bu, ABŞ-ın ən pullu universitetlərindədir və hər adam orada təhsil ala bilməz, məsələ savadlı olmaqda yox, təhsilin ödənişidir. Şamxal buna da nail oldu və universiteti yenicə bitirib, ABŞ-ın iş dünyasına atılıb.
Özünü mükafatlandırmaq üçün də Havay adalarında istirahət edir, bu azmış kimi milyonlarla dollar dəyərində olan əmlak alıb. Varlığa nə darlıq...
Şamxal Həsənlinin ABŞ macəraları bununla da bitmir. Əldə etdiyimiz məlumata görə, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu gününü dünyanın qumar və əyləncə mərkəzi olan Las-Veqasda keçirir. Las-Veqas gecələrinə qatılan Şamxal Həsənli bu yaxınlarda “Golden Nugget Las Vegas Hotel & Casino” adlı oteldə qumar oynayaraq, nə az, nə çox, düz 140 min dollar pul uduzub. Bu pulu o, atasına məxsus “Mercedes GL” markalı avtomobilin satışından əldə edibmiş. Belə ki, ABŞ-a köçməmişdən öncə özü ilə daha çox vəsait aparmaq üçün Bakıda Əli Həsənovun “Mercedes”ini satıb, okeanın o tayına çatan kimi da Las-Veqas kazinosunda qumara qoyub. Hətta, buna görə Əli Həsənov oğluna bərk əsəbləşib, dalaşıblar.
Əslində həmin 140 min nə Əli Həsənovun, nə də onun avtomobilinin pulu yox, dövlət büdcəsindən mediaya ayrılan vəsait hesab oluna bilər. Çünki Əli Həsənov bütün sərvətini məhz mediaya ayrılan pulları oğurlamaq hesabına əldə edib. Oğlu da Azərbaycan mediasının pulunu qumarda uduzub.
140 min dollar media üçün böyük puldu, Həsənovlar üçün isə yox. Mediamız uzun illər Əli Həsənov zülmündən əziyyət çəkdi, dövlətin bizə ayrılan pulları mənimsənildi. İndi Şamxal Həsənli də məhz bizim pullarımızla Mayamidə, Las-Veqasda kef çəkir.../ Demokrat.az