"Azərişıq” ASC Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) baş verən hadisə ilə bağlı açıqlama yayıb.
SÜLH.İNFO.az-ın məlumatına görə, açıqlamada deyilir:
Lənkəran şəhər sakini Əliyev Sabir bu gün səhər saat 08.05 radələrində idarə binasının yaxınlığına gələrək “Azərişıq” əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili yandırıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ona məxsus dülgər sexində hələ ötən ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Rauf Kərimov akt yazıb. Daha sonra “Azərişıq” əməkdaşı həmin abunəçinin fiziki təzyiqinə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilib. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub.
Yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.
Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı “Azərişıq” hüquq-mühafizə orqanlarına müraciət edib.