OLAY yazır ki, bu sözləri Rövşanə Ağasəfqızı aparıcısı olduğu proqramda müğənni Günay İbrahimlinin “Efirə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir” sözlərinə cavab olaraq deyib.
O, fikirlərini belə əsaslandırıb:
“İstisnalar, gözəl verilişlər var. Müğənnilər düşünsün ki, bu gün efirə çıxmayacaqsınız, hörmətsiz yanaşacaqsınız… Üzünüzü ağ edən yalnız sənətiniz deyil, bəzilərinin heç sənəti də yoxdur, qısırdır. Ancaq qalmaqalla gündəmdə olurlar. 1-2 il sonra da yox olurlar. Çünki istedadları olmur, sadəcə gündəmdə qalmaq üçün qalmaqallar edirlər. Bu gün biri efirə gecikir, biri hörmətsiz yanaşır, biri “bəyənmirəm” söyləyir. Sizi başa düşürəm. Özümün də qəbul etmədiyim verilişlər var. Yetərincə səviyyəli, ciddi debatlar aparılan verilişlər var. Müğənni “müğənni” olmayanda, 3-5 manata kafedə oxuyanda ürəyiniz gedirdi ki, hansısa verilişdə görünəsiniz. Sizin siz olmağınızda efirlərin, radioların nə qədər əməyi var. Efirə həmişə ehtiyac var. Efir hələ ki öz ciddiliyini saxlayan media orqanıdır. Yüz dənə bloger çıxsın nəsə desin, ancaq hansısa bir ciddi aparıcı efir qarşısında bu xəbəri çatdırırsa, bu xəbərə inam 5 qat artır.
Əziz müğənnilər, siz barmaqarası baxmayın. Bu gün 3-5 toyunuz var, pandemiyanı yadınıza salın. İki il oturdunuz, amma efir getdi. Biz xalqa xidmət göstərdik, işimizi yerinə yetirdik. Siz toydan asılı idiniz, evdə idiniz, iş axtarırdınız. Bəziləriniz çörək sexi açdınız, sürücülük, dərziliklə məşğul oldunuz. Həmin an sizə TV-dən aparıcılıq təklif gəlsə idi, sevinə-sevinə gələcəkdiniz. Bu gün gücünü saxlayan media orqanıdır. Nə qədər tənqid etsək də, bu, var. Biz ara jurnalistlərini, instaqramda cücərən səhifələri qınayırıq. Azərbaycanda savadlı, bilikli, ciddi jurnalistlərimiz var. Günay istedadlı qızdır. Verilişlər də müğənnilər də hörmətsizlik edir. Müğənniyə ona görə söz verilmir ki, dağdan, çaydan, arandan danışır. Müğənni var ki, gəlir mövzuya qatıla bilmir. Belə deyənlər çoxdur. Faiq Ağayevlə, Sahib İbrahimovla istənilən mövzudan danışmaq olar, amma hamısı ilə yox”.
Qeyd edək ki, G.İbrahimli “MTV maqazin” verilişinə açıqlamasında bu sözləri işlətmişdi:
“Efirə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir. Verilişlərdən qaçmıram. Yeni mahnı təqdim edəndə gedirəm. Amma istədiyim tərzdə olan verilişlərin sayı çox azdır. Sosial verilişlər çoxluq təşkil edir. Verilişlərdə müğənniyə hörmətsizlik edirlər. Psixoloq, həkim çağırırlar. Veriliş boyu psixoloq və həkim danışır, müğənniyə isə söz verilmir. O yalnız verilişdə bir mahnısını oxuyur. Düşünürəm ki, bu, etik olaraq doğru deyil. Müğənniyə də onun sənəti, karyerası, görəcəyi işlərlə bağlı suallar verilməlidir”.