Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə bəzi kolbasa məhsullarının standartlara uyğun olmadığını aşkarlayıb. Ümumilikdə 89 məhsuldan nümunələr götürülüb. 9 məhsul isə normativlərə cavab verməyib.
Bundan əlavə, satışda ətin qiymətindən ucuz qiymətə satılan kolbasa və sosiskaların tərkibi məhsulların etiketdəki tərkibinə uyğun gəlmir. Məsələn,elə kolbasalar var ki tərkibində mal əti olduğu qeyd edilsə də, tərkibində yoxlanış zamanı mal əti aşkar edilməyib. Və ya digər kolbasaların tərkibində toyuq əti olduğu müəyyən olunub. Hətta etiketində qeyd edilməsə də, tərkibində donuz əti olan kolbasa məhsulları da mövcuddur.
Qida mütəxəssisi Ağa Salamov isə məsələ ilə bağlı fikirlərini bildirib:
"Ümumiyyətlə məhsulun içindəki inqridiyentlərin hamısı paketin üzərində izahlı göstərilməlidir. Çox təəssüf ki, günümüzdə məhsulun tərkibi ya doğru göstərilmir, ya da görülməyəcək qədər kiçik ölçüdə yazılır. Məlumdur ki, bu da həmin məhsulları istehlak edənlər üçün böyük təhlükə yarada bilir."
Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov qeyd edib ki, əsas məsələlərdən biri etiketdə yazılanlarla məhsulun tərkibinin üst-üstə düşməsidir:
"İstehlakçıların müdafiəsi haqqında beynəlxalq qanunda, eləcə də öz qanunumuzda istehlakçının mal haqqında düzgün məlumat almaq hüququ var. İstehsalçı mütləq şəkildə istehsal etdiyi məhsulun tərkibini düzgün, aydın vəziyyətdə göstərməlidir."