​11 aprel təxribatı - ilk atəşi kim açıb, Azərbaycan ordusu Ermənistan ərazisindədir? - FOTOFAKTLAR

​11 aprel təxribatı
10:08 14.04.2023
143 Siyasət
A- A+

Aprelin 11-də Ermənistan hərbi birləşmələrinin Gorus rayonunun Dığ (Tex) yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqeləri arasında baş vermiş atışma, bir neçə saatlıq döyüşə çevrilmiş, tərəflər itki vermişdir. Hadisə ilə bağlı Ermənistan rəsmiləri və mediası dərhal ittiham dolu bəyanatlarla çıxış etmişlər. Misal üçün, Ermənistan XİN tvitter səhifəsi “...ünvanlı bəyanatlar və aşkar tədbirlər görməklə Azərbaycanın təcavüzkar hərəkətlərini pisləməyə, eləcə də Azərbaycan tərəfindən vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırırıq” ittihamedici cümlələrlə bəzədilmiş bəyanat yayıb. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan düşünür ki, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanma şəraitində Ermənistana qarşı əsassız təcavüzünü davam etdirir. "Bu ona görə baş verir ki, təcavüzkar dövlət kimi Azərbaycan sanksiyalara məruz qalmamış və beynəlxalq ictimaiyyət tərəfindən düzgün mühakimə edilməmişdir", - Marukyan deyib. “CivilNet” xəbər saytının italyan əsilli jurnalisti Emilio Cricchio yazır kiAİ-nin Ermənistandakı missiyası artıq zorakılığın qarşısını ala bilmir. ANCA (Amerika Erməni Milli Komitəsi) əməkdaşı Alex Galitsky “Aİ missiyasının guya sərhədə nəzarət etdiyi bir vaxtda Azərbaycanın Ermənistanın suveren ərazisinə hücum edib irəliləməsi faktı...” ifadəsini işlədir. Amerikalı jurnalist Lindsi Snell yazır ki, Azərbaycan tərəfi bu qədər aydın videonu “Ermənistan təbliğat maşını özünü ifşa elədi” deyə şərh edir.

 

Beynəlxaq təşkilat və dövlətlərdən Fransa XİN-in bəyanatı "diqqətçəkicidir". Bu ölkənin xarici siyasət idarəsi hadisədən narahat olduğu deyir və əlavə edir ki, "... Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan ordusunun təmas xəttinin Ermənistan tərəfindəki işğal olunmuş mövqelərindən çıxarılması gələcəkdə baş verən hadisələrin qarşısını almaq və regionda davamlı sülhün əsaslarını qorumaq üçün olduqca vacibdir".

Nəhayət, BBC-nin hadisə ilə bağlı reportajında bir hissəni təqdim edirik: Hərbi üstünlüyü olan Azərbaycan tərəfi dəfələrlə Ermənistan ərazisini ələ keçirməyə cəhddə ittiham olunur. Belə ki, 2021-ci ilin mayında, Azərbaycan ordusu bir neçə kilometr dərinliyə doğru irəliləyərək Ermənistana doğru irəliləyib. Ermənistan Milli Təhlükəsizlik Xidməti (SNB) martın sonlarında bildirib ki, apardığı hesablamalara əsasən, Kornidzor ( Dığ kəndinə qonşu kənd) ərazisində Azərbaycan tərəfi ən azı 5 pillə irəliləyərək 100-300 metr məsafədə Ermənistan ərazisinin dərinliyinə doğru irəliləyib. Tex kəndinin sakinləri Radio Azatutyun-a bildiriblər ki, azərbaycanlılar iki həftədir ki, kəndə məxsus ərazidə qalırlar və burada mühəndis işləri aparırlar”.

Publika.az xəbər verir ki, Faktyoxla Lab. erməni mediasının və beynəlxalq tərəfdaşlarının bu iddialarına açıq mənbələrə istinadən aydınlıq gətirib. Hadisələr doğrudanmı Ermənistan sərhədləri daxilində baş verib?

Hadisə baş verən gün Ermənistan mətbuatı və sosial mediada aktiv olan kanalları Laçın istiqamətində şərti sərhəddə törədilən təxribatla bağlı ziddiyyətli məlumatlar yaydılar. Ermənilərin yaydığı ilk məlumatda Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı, bundan sonra atışma başladığı haqda məlumat yer almışdı. Onların iddiasına görə həmin vaxt guya azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən və yaralananlar olub, Gözəlyan da yaralanıb.

Bir az sonra isə ermənilər Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığını yazır. Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır. Elə bu ziddiyyətli məlumatların yayılması təxribatın Ermənistan tərəfindən törədildiyini, Ordumuzun buna adekvat cavab verdiyini göstərir.

Bəllidir ki, insident haqda ilk görüntünü Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılmış videoda var. Ermənistan Müdafiə Nazirliyinin videosundan hadisənin baş verdiyi ərazinin tam görüntüsünü əldə etmək mümkün olub. Əvvəla, onu deyək ki, həmin videonun dron vasitəsilə çəkildiyi haqda fikirlər çəkiliş (böyük yaxınlaşdırma qabiliyyəti olan kamera ilə çəkildiyi bəlli olur) və baş verən xətalara görə (pult arxasında canlı insan əyləşdiyi məlumdur) mütəxəsislər tərəfindən təkzib edilir.

Ümumi çəkilişə gəldikdə AZ_Land_Of_Fire teleqram kanalının izahına görə, ekran görüntülərində Azərbaycan Silahlı Qüvvələrinə məxsus 4 post diqqəti cəlb edir. Bizə yaxın kadrda isə 1 erməni postu görüntülənir. Ekranda görünən ekskavator və həmin ekskavatorun yanındakı mövqe ermənilərə məxsusdur.

Hərbi jurnalist Fərdin İsazadənin qənaətinə görə, bu insidentdə qızışdırıcı fraqment kimi ermənilərin postlarını məhz 4 Azərbaycan postunun arasında salması göstərilə bilər.

Kadrlardakı görüntülərə əsaslanaraq demək olar ki, ermənilərin səngəri yeni salınmayıb və onlar bir neçə gündür burada iş aparırlar, əgər “iş” demək mümkündürsə. Belə ki, aprelin 1-də ermənilərin yaydıqları bir videoda Azərbaycan Ordusunun şərti sərhəddə yaxın ən sonuncu postunun qarşısında səngər qazdıqları məlum olmuşdu. Kadrlarda həm ekskavator, həm də aparılan işlər əks olunub.

 

Son paylaşılan videodan görünür ki, üstündə hərbçilər olan maşın əsas postumuzdan uzaqlaşır, sağdakı 2-ci posta çatır, onun yaxınlığında ani dayanır, sonra yoluna davam edir. Azərbaycan hərbiçilərinin olduğu ehtimal edilən maşın öz yolu ilə düz getdiyi halda, gözlənilmədən ekskavatoru yanında saxlayır, bir neçə saniyə gözləyir (mümkündür ki, erməni hərbçilər əsgərlərimizi qızışdırmaq üçün söyüş söyür, təhqir edir, provakasiyaya çəkir və ya yüksək rütbəli zabitlərinin də orada olmasını əsas gətirərək onları danışığa çəkir) və maşından düşüb erməni əsgərlərinə yaxınlaşırlar.

Əslində zabitlərin başıpozuq, əlində silah olan bandit qruplaşmalarına yaxınlaşması hərbi yanlışlıqdır. Kütləvi itaətsizliyin hökm sürdüyü, bandit qruplaşmalarına xas idarəçiliyin mövcud olduğu Ermənistan ordusu ilə belə ekspromt danışıqlara getmək xətalıdır. Müharibə bitəndən bu günə kimi gördüyümüz bütün sərhəd mübahisə kadrlarında bunun şahidi olmuşuq. Heç bir hərbi tərbiyə, qanun-qayda və nizam-intizam əlaməti göstərməyən erməni əsgərində “izdiham effekti”-yəni ətrafında olan soydaşlarının mövcudluğu, onların növbəti hərəkətlərinə ciddi təsir edir.

Əslində “izdiham (auditoriya) effekti” adlanan bu psixoloji vəziyyət bütün insanlar üçün normal təzahürdür. Sadəcə ermənilərdə bu hal aşırı emosionallıq və yersiz qarşıdurmaya sürüklənmə təsiri yaradır. Ümumiyyətlə, belə hallarda zabitlər qarşı tərəfin nisbətən yüksək rütbəlilərini çağırmalı, kənara çəkib müzakirə etməli və aralaşmalıdılar. Bütün hərbi nizam-intizama, qaydalara riayət edən Azərbaycan əsgərlərinin maşından düşüb sayca onlardan qat-qat çox olan erməni əsgərlərinə silahsız yaxınlaşması müəmmalıdır. İlkin versiyaya görə erməni səngərinə yaxınlaşan Azərbaycan əsgərləri ermənilərə işin bu qədər yaxınlıqda aparılmaması, bir az geri çəkilmələrini tələb ediblər, təbii ki, erməni provakasiya planı işə düşüb və mübahisə başlayıb, davamı məlumdu.

Ermənilərin təqdim etdiyi həmin videoda olduqca vacib məqam var. Həmin kadrda mübahisə getdiyi ərazində, kameraya arxadan düşmüş bir erməni əsgərinin gizləndiyi mövqedən atəş açdığını videomaterialı yalnız böyüdülmüş ölçüdə baxdıqda görmək mümkün olur. Xırda detaldır, lakin olduqca önəmlidir. Bu detal, atəşən ilk olaraq ermənilər tərəfindən açıldığı faktını təsdiqləyir.

Ermənilərin dünən yaydığı ikinci videoda Dığ kəndinin qutaracağında polis postu görünür. Ermənilər bu videonu əbəs yerə yaymayıblar. Real coğrafi kordinatları 39°33'52.44"N 46°29'22.93"E, google-da isə olan bu nöqtədə çəkilən videoda atışma səslərinin yaxınlıqdan, sanki düz kəndin yanından gəldiyi təəssüratını yaratmaq üçün yayıblar.

Halbuki, Kalaşnikov pulemyotundan (PK) açılan atəşin verdiyi əks-sədadan atışmanın 2-2,2 km aralıda getdiyini müəyyən etmək mümkündür. Qeyd olunan nöqtədən Azərbaycanla şərti sərhəddə qədər məsafə də elə 2100-2200 metrdi. Yəni, atışma qətiyyən yaxınlıqda, daha dəqiq desək Dığ kəndində getmir.

Bəs Azərbaycan əsgərlərinin dayandığı yer haradır?

Bir həftə öncə yayılmış məlumatlara əsasən müəyən olunub ki, hadisə aşağıda göstərilən ərazidə baş verib.

Burada sarı xətlə Azərbaycan və Ermənistan arasında şərti sərhəd, göy rənglə köhnə Laçın-Gorus yolu, narıncı rənglə yeni yol işarələnib.

Bunu Ermənistan rəsmiləri də təsdiqləyiblər. Bir həftə öncə baş vermiş sözlü mübahisədən sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Ermənistana məxsus əraziyə keçmədiyini açıq bildirmişdilər. İstinad

Video və fotolara əsasən aparılan geolokasiyaya görə istehkam və postların tikintisi ilə bağlı bütün işlərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın suveren ərazisində aparıldığını görmək olar. Həmin ərazinin koordinatları 39°35'0.62"N 46°29'46.60"E (İstiqamət: Şimal-şərq)

Ermənilərin Dığ kəndindən paylaşdıqları bu videoya görə də geolokasiyanı müəyyən etmək mümkündür.

Bu qeyd olunan obyektləri xəritə üzərinə köçürəndə isə bu mənzərə alınır:

Deməli bir daha təsdiqlənir ki, tikinti- möhkəmləndirmə işləri Azərbaycanın suveren ərazisində aparılır.

Ermənistan MN mediaya son açıqlaması da bu faktı təsdiq edib.

İndi isə digər xırda detallara diqqət yetirək.

1Ermənilərin çəkdiyi daha bir video onların bu atışmada minaatanlardan istifadə etdiyini təsdiqləyir. Kadrlara diqqətlə baxıldıqda Azərbaycan əsgərlərinin Azərbaycan ərazisində qurduğu səngər yaxınlığına minaatan mərmisinin düşdüyü anı qeydə alıb.

Bu videonu çəkən “operator” Dığ kəndində bu kordinatlarda dayanıb:

2. Hadisələrdən sonra erməni və fars-molla rejiminin mediasında hadisənin baş verdiyi ərazinin saxta xəritəsi yayılıb.

Sosial mediada yayılan bu xəritədə ermənilər və fars-molla rejiminin mediası Azərbaycan SQ-nin 11 aprel hadisələrindən sonra Ermənistana məxsus əraziləri tutduğunu göstərir. Ola bilər ki, şərti sərhəd xətti google map-də 3-4 metr fərqlə görünsün. Amma ermənilərin yaydığı bu xəritədəki qədər yanlışlığa yol verilə bilməz. Bu xəritəyə inansaq, belə çıxır ki, 11 apreldə Azərbaycan SQ-ləri 4 erməni postunu, 1 dayaq məntəqəsini və 1 yoxlama-buraxılış məntəqəsini məhv edib, ya da ələ keçirib.

Xəritədə görünən:

Yaşıl rəng – Azərbaycanın suveren ərazisi, Azərbaycan postları

Qonur rəng – saxta xəritədə qeyd olunan ərazinin real xəritədə əks olunması

Sarı rəng – erməni postları işarələnib.

Bu fikirlər fransalı "qonaqların" Azərbaycan-Ermənistan şərti sərhəd təmas nöqtəsinə gələrkən çəkilən video və foto-skrinlərdə də öz əksini tapır.

3. Hadisə ilə əlaqədar erməni tərəfi saxta məlumat yaymaqda davam ediblər.

Erməni mediası vətən xaini Manaf Cəlilzadəyə istinadən məlumat yayır ki, Azərbaycanda hərbçilər üçün yüzlərlə qəbir qazılıb. Məlumat saxtadır. Bu foto 2019-cu ildə II Şəhidlər Xiyabanında çəkilib.

Bu foto isə 44 günlük müqəddəs müharibədən sonra II Şəhidlər Xiyabanında çəkilib. Azərbaycan xalqı üçün adi bir gündür. Xalq olaraq hər gün əziz şəhidlərinin müqəddəs məzarları ziyarət edilir. Yaxını, qohumu, tanışı oldu-olmadı, hər gün bu hal təkrarlanır.

4. Və belə saxta məlumat yayırlar ki, guya Azərbaycan tərəfdən itki çoxdur. Məlumatı yayan sisumasis-dirsə, ciddiliyinə dərhal şübhə yaranır.

Saxta və təhrikçi məlumatlar yaymaqda ad çıxarmış həmin sisumasis kanalı azərbaycanlı teleaparıcı Elvin Basqallının adi çıxışını (həmin aparıcının bütün çıxışları belə emossional və səs-küylüdür) “Azərbaycanda ciddi panika başlayıb” başlığı ilə təqdim edib.

4. Erməni mediasının Gorus şəhərində könüllülərin toplanması haqda yaydığı bu foto da yeni deyil.

 

Bu foto 2021-ci ilə aiddir.

6. Bu məlumatı isə Azərbaycan teleqram kanalları yayıblar. Burada erməni telegram kanallarına istinad edilərək yazılır ki, Sünik sakinləri könüllü kimi qeydiyyatdan keçirlər. Doğru xəbər olaraq məlumat təsdiqlənə bilər, onsuz da ermənilər hər ay belə toplantıları elan edirlər, lakin təqdim edilən bu foto köhnə tarixlərə aiddir.

 

Beləliklə,

♦ Aprelin 11-də Ermənistan hərbi birləşmələrinin Gorus rayonunun Dığ (Tex) yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqeləri arasında baş vermiş atışma erməni hərbçilərin atəşi nəticəsində başlamışdır.

♦ Azərbaycan əsgərləri Azərbaycanın suveren ərazilərindən kənara çıxmamışlar, bunu Ermənistan MTX və Müdafiə Nazirliyi də təsdiqləmişdir.

♦ Ermənistan XİN, Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan“CivilNet” xəbər saytının italyan əsilli jurnalisti Emilio Cricchio, ANCA (Amerika Erməni Milli Komitəsi) əməkdaşı Alex GalitskyAmerikalı jurnalist Lindsi SnellFransa XİN və bbc-nin yazdıqları saxta ittihamdır, dediklərinə düzəliş etməli, üzr istəməlidilər.

♦ Erməni hərbçiləri yenə də Azərbaycan ərazilərini minaatan və iri çaplı avtomat və pulemyotlardan atəşə tutublar.