​Bəxtiyar Hacıyev ekspertizanın nəticələrinə dair sənədi İMZALAMADI

​Bəxtiyar Hacıyev ekspertizanın nəticələrinə dair sənədi
12:01 14.04.2023
130 Hadisə
A- A+
Aprelin 12-də Bakı 1 saylı İstintaq Təcridxanasında ictimai fəal Bəxtiyar Hacıyevə məhkəmə-fonoskopik ekspertizasının nəticələri elan edilib.
 
Sülh.info.az "Turan"a istinadla xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bildirib.
 
Onun sözlərinə görə, Hacıyev ekspertizanın nəticələrinə dair sənədi imzalamaqdan imtina edib, çünki ümumilikdə özünü günahkar hesab etmir.
 
Fonoskopik ekspertiza səslərin zərərçəkənə və müttəhimə aid olduğunu müəyyənləşdirmək üçün aparılır.
Digər vəkil, fəalın adaşı və eynisoyadlı Bəxtiyar Hacıyev bildirib ki, müvəkkili uzun sürən aclıqdan sonra sağalır və səhhəti normaldır, baxmayaraq ki, müəyyən psixoloji gərginlik var. Eyni zamanda, ruh yüksəkliyini qoruyur və azad olacağına inanır.
 
Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.
 
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Fevralın 23-də isə Xətai nəhkəməsi həbs müddətini daha 2 ay-aprelin 28-dək uzadıb.
Məhkəmələr məhkəmə istintaqı başlayana qədər həbs qətimkan tədbirinin dəyişdirilərək Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi və ya girov müqabilində azad edilməsilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini təmin etməyiblər.
 
Fevralın 28-də aclığın 51-ci günündə Hacıyev aclığı dayandırıb.
Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsinə çağırıblar.