Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.
O bildirib ki, əksər region ölkələrində, o cümlədən, qardaş Türkiyə və qonşu Gürcüstanda epidemioloji vəziyyət nəzarət ediləcək həddədir:
“Artıq Türkiyə ilə quru sərhədlər açılıb, amma yalnız Naxçıvanda qeydiyyatda olan vətəndaşlarımız gedə bilər. Bu baxımdan təklif edirik ki, Gürcüstan və Türkiyə ilə mərhələli şəkildə quru sərhədlərin tam açılması ilə bağlı qərar verilsin. Təbii ki, daha sonra digər qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həmin ölkələrlə quru sərhədlərin açılması məsələsi müzakirə oluna bilər. Lakin Türkiyə və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığının olduğunu, yoluxma sayını nəzərə alsaq, hər iki ölkə ilə qısa zamanda mərhələli şəkildə quru sərhədlərin açılması məqsədəuyğun olardı”.
V.Bayramov hesab edir ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur:
“Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, ölkəmizə gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda, Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə daha asan səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını daha da aktuallaşdırıb”.