​Ermənilər hərbçilərimizi diversantlarla dəyişmək istəyir - Bakı nə edəcək?

​Ermənilər hərbçilərimizi diversantlarla dəyişmək istəyir
13:56 18.04.2023
166 Siyasət
A- A+

Ermənistan tərəfi Azərbaycan Ordusunun əsir götürülən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov barəsində cinayət işi açıb. Onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham edilirlər. Hərbçilər barəsində həbs qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə əsir götürülən hərbçilərimizin fotoları və videosu yayılıb. Foto və videolardan aydın görünür ki, əsgər H.Axundov ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb, qeyri-insani rəftarla üzləşib. Yayılmış videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi Bakı yolu azaraq Ermənistan tərəfə keçən hərbçilərimizin əsir götürülməsinə etiraz edərək, İrəvan hakimiyyətini onları azad etməyə çağırıb və bununla bağlı beynəlxalq təşkilatlara müraciət göndərilib.

Ermənistan mətbuatında yayılan iddiaya görə, guya hərbçilərimizdən biri Zəngəzurda yerləşən mis-molibden zavodunun mühafizəçisini öldürüb. Hələlik bununla bağlı rəsmi açıqlama olmasa da, mətbuatda saxta ittihamın irəli sürülə biləcəyi qeyd olunub. Görünən odur ki, Ermənistan rəsmiləri hərbçimizə qarşı saxta ittiham irəli sürmək niyyətindir, bu mənada mətbuatda yer alan xəbərləri təsadüfi hesab etmək olmaz.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə Ermənistanda azərbaycanlı hərbçilərə işgəncə verilməsi məsələsini gündəmə gətirib. Nazir Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib.

Ermənistan bu cür sülhü pozan addımlarla nə etməyi hədəfləyir? Azərbaycan hərbçilərin geri qayıtması üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan əsgərlərimizi əsir götürməklə Azərbaycana siyasi təzyiq göstərmək niyyətindədir."Azərbaycan hər zaman "hamının-hamıya" prinsipi ilə əsir dəyişilməsinin tərəfdarı olub. Hətta ölkəmizə keçən Ermənistan ordusunun əsgəri, eləcə də erməni vətəndaşı tərəfimizdən geri qaytarılıb. Qarşı tərəfin etdikləri dövlətimizə qarşı siyasi təzyiq göstərmək üçün tamaşadır. Əsgərlərimizin qeyri-sabit hava şəraitində Ermənistan ərazisinə keçdiyi məlumdur. Onların hər hansı hərbi əməliyyat aparmadığı və qanunlara ziddi hərəkət etmədiyi aşkardır", - deyə parlamentari vurğulayıb.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan dövləti hərbçilərimizin geri qaytarılması üçün lazım olan addımları atır:

"Ermənistan əsgərlərimizi həbs etməklə Azərbaycanı danışıqlarda təzyiq altında saxlamağa və bu məsələdə özlərindən aslı vəziyyətə salmağa çalışır. Onlar həmişə olduğu kimi, çirkin oyunlardan, siyasi addımlardan çəkinmək istəmir. 44 günlük müharibə erməniləri hələ də dəyişə bilməyib. Onlar Azərbaycana qarşı beynəlxalq arenada hüquqa zidd addımlar atan bir dövlət kimi göstərmək üçün canfəşanlıq edirlər. Ermənistan müharibədən əvvəl Kəlbəcərə, öz dədə-baba torpaqlarına gedən iki Azərbaycan vətəndaşının üzərində məhkəmə qurmuşdu, indi də bunu təkrarlamaq istəyir. Amma dövlətimiz çalışır ki, əsir düşən hərbçilərimiz geri qayıtsın. Azərbaycan bütün vasitələrdən istifadə edərək Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməsinə cəhd göstərir".Politoloq Tofiq Abbasov isə düşünür ki, Ermənistan tərəfi əsgərlərimizi həbs etməklə, onları Azərbaycanda saxlanılan erməni terrorçularla dəyişmək niyyətindədir."Ermənilərin sağlam barışıq proqramı yoxdur. Müharibədən sonra baş verən hadisələrdən belə bir nəticə çıxır ki, xalqlar savaşdan yorulub. Ermənilər isə ümumiyyətlə sağlam təfəkkürlə, ağılla hərəkət edən millət deyil. Onlar çalışırlar ki, nifrəti, qarşıdurmanı daimi  prosesə çevirsinlər. İkinci Qarabağ müharibəsinə qədər Prezident İlham Əliyev Ermənistana müraciət edərək söyləmişdi ki, əsirləri "hamının hamıya" prinsipi ilə dəyişək. Paşinyan isə bunu istəmədiklərini açıqlamışdı. Bu, ondan xəbər verir ki, ermənilərin planlarında sülh, barışıq kimi istəklər yoxdur. Ermənistanın bu nifrətinin sonu 2020-ci ilin 27 sentyabrında Azərbaycanın əks-hücuma keçməsi ilə gəldi. Biz onlara göstərdik ki, ermənilər özlərini qəhrəman saymaqla uçuruma aparırlar. İki əsgərlərimizin səhvən onların ərazisinə keçməsi, Ermənistanda elə bir iştah yaratdı ki, guya, onlar bununla ölkəmizdə olan diversantların hamsını qaytara bilərlər", - politoloq qeyd edib.T.Abbasovun sözlərinə görə, İrəvan hakimiyyəti Azərbaycanda saxlanılan ermənilərin diversant olduğunu qəbullanmaq istəmir:

"Saxlanılan ermənilər 10 noyabr sazişindən sonra Qarabağ ərazisinə gələn diversant və kəşfiyyatçılardır. Onların məqsədi ölkəmizdə terror aktının törədilməsi idi. Ermənistan indiki vəziyyətdən istifadə edərək bütün terrorçuları geri almaq niyyətindədir. Əslində, bu vəziyyət bizim üçün çox ağrılıdır. Əsir düşən iki balanın hansı niyyəti ola bilər? Onların erməni xalqına qarşı cinayət törətmək fikri olmayıb. Sadəcə ermənilər o qədər xəstə təfəkkürlü, natamam xalqdır ki, bu məsələni qloballaşdırıb özləri üçün nəticə əldə etməyə çalışırlar. Burada gərək həmişə ağızdolusu danışan beynəlxalq fiqurlar əsirlərimizin geri qaytarılması məsələsində fəal iştirak etsin. Ermənistan humanitar konvensiyaların tələblərini vəhşicəsinə pozur. Həmin beynəlxalq aktorlar qarşı tərəfə əvvəlcə həddlərini aşmamaqlarını bildirsinlər. Çünki insanlıq ermənilərdən yan keçib. Ermənistan humanistlik nədir bilmirlər. Onlar hərbçimizi döyərək videoya çəkməklə öz vəhşiliklərini bir daha dünyaya göstərdi. Azərbaycanın ilk vəzifəsi beynəlxalq təşkilatları bu məsələyə cəlb etməkdir. Beləliklə, əsgərlərimizə xələl gəlməsinin qarşısı alına bilərik".