​“Anam ən böyük tənqidçimdir, mənə deyir ki, açıq-saçıq, qısa geyinmə...”

​“Anam ən böyük tənqidçimdir, mənə deyir ki, açıq-saçıq, qısa geyinmə...”
15:21 19.04.2023
169 Maqazin
A- A+
"Müğənni qısqanclığı hər zaman olub və olacaq da. Vallah, mən heç kimi qısqanmıram. Heç kimin uğuru məni narahat etmir. Bunu edənlər uğursuz insanlardır. Bəzən elə hallar olub ki, toya getmişəm ki, oxuyum. Həmkarlarım mikrofonu masanın altında gizlədiblər. Mikrofonu verməyiblər ki, bir ağız oxuyub gedim. Bu nə deməkdir? Hələ mikrofonu çantaya qoyanlar da olub. Toya gəlirsən səsi alırlar, gedəndən sonra səs normal işləyir. Bu paxıllıq nə deməkdir? Toya gəlmişəm ki, oxuyub gedim də. Mən heç vaxt hansısa müğənninin səsini aldırmamışam. Bəzən də olur ki, toylarda aparıcılar təqdim etmir. Bu zaman ondan tələb edirəm ki, məni təqdim et, sonra oxuyum".

Bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.

"Sosial şəbəkələrdə yazılan rəylərin çoxunu demək olar ki, oxumuram. Bilirəm ki, qərəz var. Elə həmkarlarım var ki, onu araşdırır, onu yazanın kim olduğunu üzə çıxarır. Reaksiya vermirəm. Məni hamı sevə, pərəstiş edə bilməz. Nə istəyirlərsə yazsınlar. Amma o qədər də mənfi rəylər yazan yoxdur. Bilirəm ki, onları tamaşaçılar yox, bəzi dırnaqarası həmkarlarımız yazır" deyə müğənni bildirib.

Müğənni toylarda başına gələn maraqlı əhvalatları da bizimlə bölüşüb.

"Tez-tələsik toya getmişəm, ayaqqabı yadımdan çıxıb. Həmişə maşında ayaqqabılarım olub, arxayın olmuşam ki, maşında dəyişəcəm. Musiqiçiyə zəng edib demişəm ki, sən Allah mənim üçün ayaqqabı tapın. Hər dəfə uzun paltar geyinirəm, bu dəfə tərslikdən qısa geyinmişəm. Bir əcaib ayaqqabı tapıb gətirdilər. Bütün toyu ayağıma baxa-baxa oxudum. Əslində heç kim ayağıma baxmırdı, amma mənə elə gəlirdi ki, hamı ayağıma baxır" deyə müğənni bildirib.

Mənzurə Musayeva bildirib ki, bəzi efirlərdə ona qeyri-etik suallar ünvanlanır. Buna görə də anası bəzən əsəbləşir.

"Verilişlərdə bəzən verilən suallardan bezirəm. Elə suallar ünvanlayırlar ki, bəzən çox narahat oluram. Məni həmin verilişlər çox yorur. Çevir tatı, vur tatıdır. Elə mövzulara toxunurlar ki, həm özümün, həm də evdəkilərin acığına gəlir. Tamaşaçılar da elə bilərlər ki, bunu efir vasitəsilə özüm edirəm, özüm aparıcılara tapşırıram ki, mənimlə belə danışsınlar. Anam ən böyük tənqidçimdir. "Mənzurə açıq-saçıq geyinmə, qısa geyinmə deyir". Bəzən olur ki, verilişlərdə bir az sevgidən, məhəbbətdən danışıram. Anam baxıb əsəbləşir. Evə gizlin gəlib, qapını sakitcə açıb, girirəm içəri. İstəmirəm ki, o anda məni görüb danlasın. Fikirləşirəm ki, səhər nə deyər-deyər" deyə sənətçi bildirib.