Perinçek, "İran İslam Respublikasının Türk Dövlətləri Təşkilatına üzvlük prosesini uğurlu etməkdə qərarlıyıq" deyib. İranın min illərdir türk dövlətlərinin və onların xalqlarının qonşusu və qardaşı olduğunu, onun Türk Dövlətləri Təşkilatında iştirakının türk və İran dövlətləri və xalqları üçün yeni üfüqlər açacağını deyib.
Hesab edir ki, bu üzvlüklə İranla Azərbaycan arasında problemlər daimi həll olunacaq. "Türkiyə, Rusiya və İranın yaratdığı Qafqaz Sülhünə Ermənistan qucaq açacaq və ABŞ-ın Ermənistan vasitəsilə bölgəyə müdaxiləsi imkanları aradan qaldırılacaq", deyən Perinçek Zəngəzur dəhlizinin işlərinə gəlincə, əlaqələri dar dəhlizdən deyil, geniş İran sahəsindən aparmaq imkanı ilə qarşı-qarşıya olduqlarını bildirib.
Abxaziya və Cənubi Osetiya kimi qondarma qurumların tanınmasının tərəfdarı olan bu şəxsin təşəbbüsü ilk baxışda təqdirəlayiqdir. Amma görək ki, İran özü nə qədər səmimidir? 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, Ermənistan üçün nəfəslik rolunu oynayan bir dövlət səmimi ola bilərmi? Təbii ki yox? İkinci Qarabağ müharibəsində anti-Azərbaycan, ermənipərəst mövqeni götürək. Hansı mövqeni tutduğunu xatırlatmağa da dəyməz. Ardınca Tehrandakı Azərbaycan səfirliyinə edilən terror hücumu, Azərbaycan əleyhinə aparılan təbliğatlar molla rejiminin simasızlığını bir daha göstərmiş olub.
Başqa bir fakt. Azərbaycanı İsraillə əməkdaşlıq etdiyinə görə, ittiham edən Tehran Ermənistanla münasibətləri strateji səviyyəyə yüksəldir. Budurmu molla rejiminin müsəlman həmrəyliyi? İran rejiminin də Türk Dövlətləri Təşkilatında görmək istəyənlər bunları nəzərə alsaydılar yaxşı olardı. (milli.az)