Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
- Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
- azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
- sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
- Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
- dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.