​Əsir hərbçimizin İrəvandan göndərdiyi MƏKTUB - FOTO

​Əsir hərbçimizin İrəvandan göndərdiyi MƏKTUB
10:59 27.04.2023
195 Toplum
A- A+
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.

Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.

Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub.

"Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə", - məktubda deyilir.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.