Həmin namizədlərin arasında Xalq artisti Nurəddin Mehdixanlı, Xalq artisti Bəsti Cəfərova və Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının Baş rejissoru Mehriban Ələkbərzadənin adı hallanır.
Xalq artisti Bəsti Cəfərova saytımıza açıqlamasında belə bir iddiası olmadığını bildirib. Nurəddin Mehdixanlı isə mətbuata açıqlamasında deyib ki, "Azdrama”ya kimin direktor təyin olunmasından asılı olmayaraq, bu məsələdə kollektivin rəyini öyrənməyə ehtiyac var.
Qaynarinfo-ya daxil olan məlumata görə, Akademik Milli Dram Teatrında işləməyən bir qrup sənət adamı Mədəniyyət Nazirliyinə Mehriban Ələkbərzadənin "Azdrama”ya direktor təyin olunması üçün təqdimat göndərib. Amma bundan xəbər tutan kollektiv məsələyə etiraz edib.
Aktyorlar bildirib ki, "Azdrama”nın direktoru elə kollektivin arasından və onların razılığı ilə seçilməlidir. Aktyorlar "bura kənar adam gələ bilməz” deyə bildiriblər.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən deyilənlərin əsassız olduğunu bildirdilər.
Qeyd edək ki, mərhum, Xalq artisti Azərpaşa Nemətov aprel ayının 9-da dünyasını dəyişib. O, 2016-cı ildən Akademik Milli Dram Teatrının direktoru vəzifəsində işləyib.