​Binalarda kütləvi yoxlama başlayır - Evlər yenidən bahalaşacaq

​Binalarda kütləvi yoxlama başlayır
13:44 28.04.2023
263 Toplum
A- A+
"Bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır".

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova "Seysmik Dayanıqlı Müasir Qurğular" (AERS 2023) Beynəlxalq Konqresində çıxışı zamanı deyib. G.Məmmədovanın sözlərinə görə, Türkiyədə baş verən hadisələr Azərbaycan alimlərini yenidən düşünməyə sövq edib: 

"Yəni alimlər binaların və tikintinin keyfiyyətinin artırılmasını düşünməlidir. Bəzən nəzəriyyədəkilər praktikada özünü doğrultmur. Görünür nəzəriyyələrə yenidən baxılmalı, yeni standartlar ortaya qoyulmalıdır. Həmçinin bu vaxta qədər tikilən binaların zəlzələyə davamlılığının yoxlanılması üçün monitorinqlər aparılmalıdır". AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bildirib ki, "Zəlzələdən qorunmaq üçün hər bir binaya individual yanaşmaq lazımdır". 

Bakı sürüşmə zonasında yerləşir: 

"Buna görə də inşa edilən binalar təhlükəsiz və zəlzələyə davamlı olmalıdır". 

Qeyd edək ki, ölkədə inşa edilən binaların əksəriyyətinin zəlzələyə davamlılığı ilə bağlı fikirlər heç də birmənalı deyil. Son illər isə paytaxtda çox sayda yeni binalar inşa edilib ki, onların zəlzələyə nə dərəcədə davamlı olduğu şübhə doğurur. Eləcə də bu gün köhnə tikili binaların mövcud vəziyyətini nəzərə alsaq, onların zəlzələyə tab gətirəcəyinə inanmaq çətindir. İndiyədək tikilən binalarda monitorinq aparmaq mümkündürmü və həmin binaların zəlzələyə davamlılığını ölçmək üçün hansı vasitələrdən istifadə edilir? 

Davamlı olmayan binalar söküləcəkmi? 

Memar Cahid Həsənov “Cümhuriyət”ə bildirib ki, ilk növbədə, əsasən 15 il əvvələdək tikilmiş binalarda monitorinq aparılmalıdır:

“Çünkü müstəqilliyimiz əldə olunanadək, respublikamızda bu işlə əlaqədar ciddi , sərt qaydalar qoyulması dövrünədək demək olar ki, standartlar qənaətbəxş olmamışdır. Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra bu istiqamətdə lazımi qaydalar tətbiq olunmağa başladı və standartlar səviyyəsində inşa işləri aparıldı və aparılmaqdadır. Əvvəlki tikililərin yoxlanılmasına gəldikdə isə yaxşı ki, bununla əlaqədar qurumlarda lazımi yoxlayıcı aparatlar mövcuddur və indiki dövrdə bununla əlaqəli heç bir çətinlik yoxdur”.

Memarın sözlərinə görə, ilk növbədə binanın zəlzələ gücü şkalasının neçə bala dözümlülüyü təyin olunmalıdır: 

“Yəni konkret olan tikililərdə ən yüksək ballıq zəlzələyə davamlılıq mümkün deyil. Tikililər 2-5-7 -9 bal gücünə uyğun inşa oluna bilər. Lakin deyək ki, 5 bala hesablanan bina ilə müqayisədə 7-9 bala davamlı olan binanın satış qiyməti bir neçə dəfə çox olur. Yəni mənzilin 1 kvadratmetrinin qiyməti 1500-2000 manatdırsa, istədiyimiz möhkəmlikdəki binanın satışı 3000-4000 manat olacaq. Yəni binanın davamlılığının güc artımı qiymət fərqini iki üç dəfə qaldırır. 1500 manata satışı olan bina 9 bal zəlzələyə tab gətirə bilməz. Elə binalar var ki, zəlzələyə davamlılıqla bağlı hesabatı olmayıb. Məsələn, sovet dövründə tikilən bütün “Xuruşşovka”ları göstərmək olar. Onlar 7-9 ballıq zəlzələyə hesablanmayıb. Zəlzələ balının gücü təyin olunmalıdır. 

Qayda olmalıdır ki, 9 bala qədər dözümlü tikililərə icazə verilir. Bu qanun yoxdur. Hamı bilir ki, “Xuruşşovka”ların 9 ballıq zəlzələyə gücü yoxdur. Əgər belədirsə, onlar ya möhkəmləndirilir, ya da boşaldılır. Ümumiyyətlə, 9 ballıq zəlzələyə dözümlülüyü üçün təzədən binaların yarıdan çoxu sökülüb yenidən tikilməlidir. Həm də onlar dördqat qiymətinə olar. FHN yaradılana qədər çoxsaylı tikililər oldu və kim zəmanət verə bilər ki, onlar 9 ballıq zəlzələyə cavab verir, ya yox. Fikrimcə, heç o vaxt qanun da yox idi. Ovaxtkı qaydalarla 7 bala hesablanıb. Həmin binaların tələblərə cavab verməyənləri mərhələli şəkildə sökülüb yeniləri tikilir”.

Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyevin fikrincə, hazırda tikilən binaların vətəndaş şikayətləri olmayana qədər hər hansı müvafiq dövlət qurumu tərəfindən monitorinqləri aparılmır: 

“Hətta qəza vəziyyətində olan binalar var ki, hazırda istismardadır. İlkin mərhələdə binaların vizual olaraq monitorinqini aparmaq mümkündür. Bu binanın üz-fasad örtüyündə çat və dağıntı yoxdursa, demək ki, bina istifadə oluna bilər. Digər tərəfdən, seysmik müqavimətin layihə üzrə yoxlanışı müvafiq qüvvə və deformasiya parametrlərinin müqayisəsi yolu ilə həyata keçirilir. O cümlədən, dövlətin müvafiq qurumları, Şəhərsalma və Arxitektura Komitəsi, FHN-in aidiyyəti agentlikləri bu binalarda zəlzələyə davamlılığı ölçmək üçün müvafiq addımlar atmalıdır. Dünya təcrübəsində bu və bunaoxşar avadanlıqlar var, ancaq Azərbaycanda olacağına dair hər hansı sübut yoxdur. Ola bilsin ki, bu, vətəndaşlara düzgün çatdırılmır. Maariflənmə olmalıdır, atılan addımlar KİV vasitəsilə vətəndaşlara çatdırılmalıdır ki, müəyyən ərazidə seysmik müqavimət yoxlanılır, yaxud monitorinq aparılır”. 

O bildirib ki, yararsız binaların söküntüsü daha vacib əhəmiyyət kəsb edir:

“Yəni zəlzələ olmasa belə, binanın istismar müddəti bitdikdən sonra binanın çökməsi, dağılması labüddür. Yaponiya təcrübəsinə əsaslansaq, bunu 3 hissəyə zəlzələdən öncə, zəlzələ zamanı və sonrakı mərhələyə bölmək olar. Yaponiyada binalarda zəlzələ əleyhinə ən çox istifadə olunan seysmik izolyatorlardır. Binalar zəlzələ zamanı amartizasiya sistemi kimi yellənir, amma uçmur. Paralel geniş zolaqlı seysmometrlərdən istifadə edilir. Hansı ki, 15-20 saniyə öncə artıq müəyyən nöqtələrə zəlzələlərin olacağı ilə bağlı siqnal verilir. Dəmir yolu xətti, yaşayış və qeyri-yaşayış binalarında insanların həmin müddət ərzində təxliyə olunması üçün müəyyən zaman qazandırmış olur. Zəlzələdən sonrakı proseslərdə robot itlərdən istifadə edilir. 

Bu itlər istilik və insanları aşkar etmək üçün müvafiq aparatlarla təchiz olunur ki, dağıntı altında qalanları təsbit edir. O cümlədən, dronlardan istifadə olunur. İnsan qoxlayan dronlar dağıntılar üzərindən keçən kimi insanı təsbit etdikdə həmin əraziyə siqnal göndərir, kömək briqadası yönləndirilir. Bir də kütlə amartizatorlarından istifadə edilir ki, bu, tonlarla çəkiyə malik olan şardır və binanın orta hissəsində asılır və zəlzələ zamanı tikilinin balanslaşdırılmasında yardımçı olur. Əslində dünya təcrübəsinə, əsasən Yaponiya təcrübəsinə əsaslansaq, bu zəlzələdən öncə, zəlzələ zamanı və sonrakı çətinlikləri aradan qaldırmış olarıq”.