Milli Məclisin deputatı Nəsib Məhəməliyev də Pravda.az-a açıqlamasında təklifi dəstəkləyib.
“Həlak olan ANAMA əməkdaşlarına Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Şəhidlik statusu qanunvericiliklə tənzimlənir. Aktiv döyüş əməliyyatları gedirsə, ön cəbhədə həlak olmuş insanlara şəhidlik statusu verilir. ANAMA-nın əməkdaşları və digər mina zərərsizləşdirən qruplarımız da elə ön cəbhədə fəaliyyət göstərirlər. Onlar görünməyən düşmənlə mübarizə aparırlar. Bu, çox ciddi, həm də riskli fəaliyyətdir. Mən də bir vətəndaş olaraq vəzifə başında həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilməsinin tərəfdarıyam. Amma qanunvericlikdə müəyyən dəyişikliklər etmək lazımdır. Düşünürəm, bu kateqoriyadan olan insanlara şəhidlik statusu verilə bilər. Bu, məntiqəuyğundur”, - N.Məhəməliyev deyib.
Deputat eyni zamanda riskli vəzifəni yerinə yetirən ANAMA əməkdaşlarının maaşlarının artırılması barədə təkliflərə də münasibət bildirib: “Bu məsələ parlamentdə müzakirə oluna bilər, lakin daha çox mərkəzi icra hakimiyyəti orqanının - Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Təbii ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrində də müzakirə oluna bilər. Doğrudan da uyğunsuzluq varsa, aradan qaldırılmalıdır”.