Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda əsir saxlanılan əsgərlərimizə ən son aprelin 19-da baş çəkib.
Əsir hərbçilərimizin ailələri növbəti dəfə İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət ediblər.
Bizim.Media-ya bu barədə əsirlikdə olan hərbçilərimizin valideynləri bildiriblər.
Hüseyn Axundovun anası Şəlalə Axundovanın sözlərinə görə oğlunun həsrətindən yatağa düşüb:
"Heç bir məlumat yoxdur. Biz də sizin kimi gözləyirik. Bu gün yenidən Ombudsmana məktubla müraciət etdik. Onların qaytarılması günü-gündən gecikir. Ürəyimiz sıxılır. İki gündür yatağa düşmüşəm, artıq bu əzaba tab gətirə bilmirəm”.
Şəlalə Axundova ötən dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən ona təqdim olunan və oğlunun dəsti-xətti ilə yazıldığı bildirilən məktuba da toxunub:
"Bir neçə gün əvvəl də bildirdilər ki, əsirlərlə görüşüblər və onlara siqaretlə corab verilib. Nə qədər düzdü, bilmirəm. Heç olmasa şəkillərini çəkib bizə gətirsinlər. Axı buna səlahiyyətləri var. Mən necə inanım ki, uşaq sağ-salamatdır? Ötən dəfə məktub gətirmişdilər. Amma biz imtina etdik, çünki o məktubu oğlum yazmayıb. Bacıları özlərini öldürdü ki, bu, onun xətti deyil”.
Əsirlikdə olan digər hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova isə hər iki hərbçinin vətənə qaytarılması işinin tezləşdirilməsi üçün yenidən hökumətə səslənib:
"Çarəsiz qalmışıq. Nədir səbəb? Heç bir şey anlaya bilmirəm. Niyə bu məsələ bu qədər uzanır? Axı, biz hər gün ölürük. Heç olmaya Qırmızı Xaç Komitəsi vasitəsilə səsini eşidə bilək. Bəlkə uşağım ölüb? Əlaqədar qurumlar bizi əmin edirlər ki, narahat olmayın yaxın vaxtda oğlunuz qayıdacaq. Az da olsa rahatlanırıq. Sonra əlaqə saxlayırıq, "məlumatımız yoxdur” deyirlər. Bizi də anlayın! Bir ana kimi dözə bilmirəm. Varım-yoxum bir oğlum var. Onu həvəslə, gülə-gülə hərbi xidmətə yolladım. Balam zəncirli zirzəmilərdədir. Əlimi bir tikə çörəyə uzada bilmirəm ki, haramım olar. Düşmənin əlində olduğu şəkli görəndən hər saniyə bağrım çartlayır”, - deyə ana qeyd edib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.