Qeyd edək ki, proses təkcə köhnələrin “vurulması” ilə məhdudlaşmır. Hakim komandada postunu qorumağa müvəffəq olmuş bəzi stajlı məmurların təsir imkanlarının minimuma endirilməsi baş verir. Bu sırada vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı simalarından biri olan, Baş nazirin müavini Əli Əhmədovun adını çəkmək olar. Bu ilin yanvarında 70 yaşını tamamlamış Ə. Əhmədovun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunması səbəbsiz deyil. Məşhur YAP-çının çoxdan arzuolunmaz şəxsə çevrildiyi bildirilir.
Xatırladaq ki, Ə.Əhmədovun “vurulması” 2021-ci ilə təsadüf edir. 2021-ci ildə YAP-ın VII Qurultayında partiyadakı bütün mövqelərini itirəndən sonra onun “kölgəyə çəkildiyi” müşahidə olunur. Tahir Budaqovun 5 mart 2021-ci ildə YAP sədrinin qərarı ilə YAP sədrinin müavini və YAP Mərkəzi Aparatının sədri təyin olunması Ə.Əhmədovun siyasi karyerasının bitməsi ilə nəticələndi. YAP Mərkəzi Aparatının əməkdaşlarından birinin saytımıza dediyinə görə, məşhur YAP-çı son vaxtlar, hətta hakim partiyanın qərargahına da buraxılmır.
YAP-çı deputatlardan biri “Yeni Sabah”a Ə.Əhmədovun “vurulmasının” səbəbini açıqlayıb. Parlamentarinin dediyinə görə, sabiq icra katibinin cəzalandırılması vaxtilə yol vermiş olduğu səhvlərlə bağlıdır. Onun sözlərinə görə, Ə.Əhmədovun partiyaya de-fakto rəhbərlik etdiyi dövrdə intriqan fəaliyyətlə məşğul olub, kadr seçimində şəxsi münasibətlər və regional amilləri əsas götürüb. Bu problem 2020-ci ilin fevralında keçirilən parlament seçkilərində daha qabarıq formada diqqəti cəlb edib. Ə.Əhmədovun YAP-ın deputat siyahısını, əsasən, yaxın ətrafındakı şəxslərdən müəyyən etməsi 2021-ci ildə onu “oyundankənar vəziyyət”ə salıb. Xatırladaq ki, həmin vaxt YAP-ın yekun siyahısının hazırlanması ard-arda 3 dəfə təxirə salınmışdı. Bu fəaliyyətinə görə, hətta çoxillik silahdaşlarından biri olan YAP-çı deputat Siyavuş Novruzovla onun arasında konflikt yaranmışdı.
Mənbə deyib ki, Ə.Əhmədov hazırda Baş nazirin müavini postunu tutsa da, onun bu vəzifədə çalışması formal xarakter daşıyır. O, faktiki olaraq, hökumətdə ikinci adam olsa da, heç bir fəaliyyəti ilə diqqəti cəlb etmir. Məlum qurultaydan sonra Ə.Əhmədov Baş nazirin portfelli müavinlərindən birinə çevrilib.
YAP-çı deputat 70 yaşını 4 ay əvvəl tamamlamış Ə.Əhmədovun yaxın vaxtlarda postu ilə vidalaşacağını bildirib. Onun sözlərinə görə, Ə.Əhmədov könüllü şəkildə istefa verməsi gözlənilir.