Baş verən hadisənin görüntülərini izləyən hər kəs öz hiddətini gizlədə bilmir və idmançının azyaşlı uşaqla bu cür amansız rəftarını kəskin şəkildə qınayır. Lakin cəmiyyət tərəfindən qınanılan təkcə hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov deyil. İnsanlar bu cür amansız və qəddar ruhlu bir şəxsə məktəbin idman zalını etibar edən və onun azyaşlı uşaqlara məşq keçməsinə şərait yaradan təhsil müəssisəsinin direktoru Pərvanə Ramazanovanı da qınaq obyektinə çevirirlər. Sosial şəbəkələrdə rəy yazan, status paylaşan hər kəs direktorun müvafiq qurumlardan lisenziyası olmayan bir şəxsə məktəbin idman zalını hansı əsaslarla verdiyini sual edir.
Lakin təəssüflər olsun ki, ünvanlanan sualların heç bir cavabı yoxdur. Çünki Pərvanə Ramazanova “ağzına su alıb” sakit oturmağı və onun rəhbərlik etdiyi təhsil müəssisəsində baş verən hadisəyə münasibət bildirməməyi üstün tutur. Ya direktorun suallara tutarlı cavabı yoxdur, ya da azyaşlı uşağın faciəli ölümü onun qəlbini sızlatmadığından baş verənlərə “fransız” qalmağı məqsədəuyğun hesab edir. Direktorun susması isə onun haqqında səsləndirilən iddiaların əsaslı olduğuna dair şübhələr yaradır. Belə ki, sosial şəbəkələrdə direktorun məktəbin idman zalını Mehman Xəlilova icarəyə verdiyi və oradan pul qazandığı haqda iddialar səsləndirilir. Təəssüflər olsun ki, təhsil müəssisəsinin rəhbəri Pərvanə Ramazanova ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadığından bu iddiaların nə dərəcədə doğru olub-olmadığını ondan soruşa bilmədik.
Əvəzində adını açıqlamaq istəməyən, lakin direktorun katibəsi olduğunu bildirən gənc xanım telefonumuza cavab verərək müəssisə rəhbərinin kabinetində olmadığını söylədi. Direktorun iş saatında harada olduğunu soruşduqda isə katibənin cavabı belə oldu: “Müəlliməmiz yoxdur, yoxlamadadır. Özbaşına getməyib, yuxarıdan onu özləri göndəriblər”.
Doğrusu, “yuxarı” dedikdə katibə xanımın kimi, hansı qurumu nəzərdə tutduğunu tam anlaya bilmədim. Amma direktorun öz rəhbərlik etdiyi məktəbdə dərs yoxlamasında olduğunu düşünüb telefona çağırılmasını xahiş etdim. Katibənin cavabı məni təəccübləndirdi: “Məktəbdə yoxlamada deyil, harada olduğunu bilmirəm”.
Azyaşlı uşağın ölümü ilə bağlı direktor haqqında müxtəlif iddialar səsləndirildiyini və bu səbəbdən də onun mövqeyini öyrənmək istədiyimi bildirdikdə isə katibənin cavabı daha da sərtləşdi: “Uşağın ölümünə müəllimə neyləsin? İdman zalını özbaşına verməyib ki… İcradan məktubla gəlib, elə veriblər. Hansı icradan gəlib bilmirəm, axır ki, o şəxs bura məktubla gəlib. Müəllimə özbaşına heç nə etməyib. Mən sizə başqa heç nə deyə bilmərəm”, – katibə dəstəyi asdı.
Görünən odur ki, direktora bu haqda heç nə danışmamağı və mediaya açıqlama verməməyi sözün əsl mənasında “yuxarıdan” tapşırıblar. Elə bu səbəbdən də həmin “yuxarı” instansiyanın Abşeron-Xızı Regional Təhsil İdarəsi olduğunu düşünüb onlarla əlaqə yaratmağa və səsləndirilən iddialarla bağlı mövqe öyrənməyə çalışdıq. Bu məqsədlə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyevlə əlaqə saxladıq. Ünvanladığımız sualı eşidən direktor müavininin cavabı qısa oldu: “Açıqlamanı nazirlik (Elm və Təhsil Naziriyi -red) verəcək. Mən tədbirdəyəm, hazırda danışa bilmirəm. Tədbirdən çıxım, sizi yığacam danışarıq”. Təəssüflər olsun ki, Coşqun Əliyev üzərindən iki saata yaxın vaxt keçməsinə baxmayaraq bizə geri dönüş etmədi. Əksinə yenidən etdiyimiz zənglər cavabsız qaldı.
Görünür, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi də bu cür həssas məsələdə susmağı üstün tutur. Amma ortada bir cinayət faktı var və bu məsələdə idman zalını Mehman Xəlilova məşq keçmək üçün verən məktəb rəhbərliyi, buna göz yuman Regional Təhsil idarəsi də günahkardır. İnanırıq ki, aparılan obyektiv araşdırmalar nəticəsində bütün həqiqətlər ortaya çıxacaq və Mehman Xəlilovdan başqa bu faciədə günahı olan hər kəs məsuliyyətə cəlb ediləcək./Konkret.az