​“Bu insan faşistdir …” - “Ağ canavar”dan 7 yaşlı Fəridi öldürən məşqçiyə SƏRT REAKSİYA

​“Bu insan faşistdir …”
16:40 03.05.2023
164 İdman
A- A+
“ Hər zaman bir idmançı olaraq məqsədimiz beynəlxalq yarışlarda Azərbaycan bayrağını ucaltmaq, himnimizi səsləndirməkdir. İdman şərəfli bir peşədir. İllərin idmançısı olaraq məqsədim budur ki, bildiklərimi gənclərə öyrədim. Gənclər bizim gələcəyimizdir. Bəzən idman kimi mötəbər bir sahəyə “idmançılar”, “ məşqçilər” ləkə salır, onlara bu adı vermək olmaz”.

Bu sözləri Medianews.az –a Kikboks üzrə 26 dəfə dünya çempionu və Avropa çempionu Eduard Məmmədov deyib.

Dünya çempionu bildirir ki, bu gün Azərbaycanın çox böyük olimpiya, dünya çempionları var :

“ Onlar əsl peşəkar idmançılardır və məşqçi kimi bir çoxları fəaliyyət göstərirlər. Həmin idmançılar indiyə qədər öz işlərində nöqsanlara yol verməyiblər, tələbələri ilə olduqca peşəkar rəftar ediblər.

Bir neçə gün öncə körpənin başına gələn bu vəhşilik məni çox sarsıtdı. Bir insan kimi videoya baxanda çox təsirləndim. Allah bu balamıza rəhmət eləsin! Çox ağır dərdir. Bütün xalqımız üçün böyük acıdır.

Mən özüm də məşqçi kimi fəaliyyət göstərirəm. Dünya, Avropa çempionları, eyni zamanda balaca tələbələrim var. Əgər tələbə özünü pis hiss edirsə , müəllim ona icazə verməlidir. Daha sonra məşq etmək olar. Müəllim istəyər ki, tələbəsi yaxşı məşq etsin. Müəllim şagirdindən yaxşı məşq etməyi tələb edə bilər. Səs tonunu bir az qaldırıb deyə bilər ki, dur məşq et, səndə alınır!

Bu, həvəsləndirmə məqsədi ilə olur. Amma kobudluq məqsədi ilə belə bir pis rəftar etməyə hansı adı vermək olar? Bu, casarəti kimdən alıb,bilmirəm.

Eduard Məmmədovun sözlərinə görə hər bir uşağın öz xarakteri var:

“ Ən azından bir insan kimi bunu bilməlisən. Hər uşaq eyni deyil. Bu uşaq da incətəbiətli bir uşaq idi. Amma kim sənə haqq verir ki, belə bir vəhşilik törədəsən?

Axı, sən görmürsən bu uşağın halı yoxdur. O, necə məşq etsin. Videodan da göründüyü kimi bu insan faşistdir.
Ola bilər ki, bu gün hər hansı bir idmançı yaxşı nəticə verməyə bilər. Lakin zamanla insan öz üzərində işlədikcə istədiyi uğuru əldə edə bilər. İnsan hər zaman zəhmətinin bəhrəsini görür.

Bir çox müəllimlər var ki, tələbəsi ilə kobud rəftar edir. Hətta bəzən də tələbəsini təhqir edir. Hər sahədə belə kobud insanlar var. Valideynlər diqqətli olmalıdır. İlk növbədə müəllimi araşdırmalı, onun haqqında məlumatlar toplamalıdır”.

İdmançı qeyd edir ki, bu “məşqçinin” qanında psixotrop dərman aşkar olunub:

“Təklif edirəm ki, dövlət strukturları yoxlamalar aparsın. İldə bir dəfə məşqçilər qan analizi versələr , daha yaxşı olar. Dövlət strukturları məşqçiyə nəzarət etməlidir. Çünki qeyri – qanuni işləyən “məşqçilər” var. Federasiya tərəfindən qeyri – qanuni işləyən şəxslər araşdırılmalı və tutduqları mövqedən azad olmalıdırlar. Bildiyiniz kimi, federasiyalar da Gənclər və İdman Nazirliyi ilə birgə işləyirlər.

Bütün idman zallarında kameralar olmalıdır. Əgər idman zallarında kameralar olsa, məşqçi də tələbələri ilə diqqətli davranar. Ümumiyyətlə, öz peşələrini sevməyən “məşqiçilər” çoxdur. Hər kəs öz peşəsinə sevgi ilə yanaşmalıdır”.

Qeyd edək ki, Eduard Məmmədov Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantıdır və nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsini icra edir.