Dövlət tərəfindən verilən dərmanları pulsuz almaq istəyənlər adiyyəti qurumlara müraciət etməlidir.
Ölkə ərazisində kimlərin pulsuz dərman almaq hüququna malik olduqlarını müəyyənləşdirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər üzrə istifadə olunan dərman vasitələri vətəndaşlara ödənişsiz şəkildə verilir:
"Bununla yanaşı, ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən icbari tibbi sığorta ilə təminata alınmış tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərflər də ödənişsizdir. Reseptlə yazılan dərman vasitələri pasiyentin özü tərəfindən alınır.
Həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət və tədbirlər proqramları çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən dərman və tibbi sərflərin satınalınmasını həyata keçirir. Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi sərfləri əldə edirlər".
Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də sorğu ünvanladıq və qurumun mövqeyini öyrəndik. TƏBİB-dən BAKU.WS-ə eksklüziv açıqlama qeyd edildi ki, səhiyyə sahəsində müəyyən xəstəliklərin müalicəsi üzrə bir neçə dövlət proqramları icra olunmaqdadır və hazırda onların icrası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bir sıra dövlət ambulator və stasionar tibb müəssisələrində həyata keçirilir:
"Bu dövlət və tədbirlər proqramları (hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm) çərçivəsində xəstələrə ambulator qaydada verilən dərman və tibbi sərflərin satınalması TƏBİB-dən daxil olan siyahıya əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar bu dərman vasitələri və tibbi ləvazimatlar ilə müayinələr əsasında yalnız həkim təyinatına uyğun müvafiq dövlət tibb müəssisələrində təmin olunurlar".