Bu ilin birinci rübündə Ermənistana 451 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 202 min nəfər çoxdur.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin saytında məlumat yerləşdirilib.
Yanvar-mart aylarında Ermənistana ən çox Rusiya vətəndaşları səfər edib, rusiyalı turistlərin sayı 237 min 40 (keçən il 108 976 nəfər) təşkil edib. İkinci yeri müxtəlif ölkələrdən gələn Ermənistan vətəndaşları tutur - 74 186 nəfər (ötən il 56 519 nəfər).
Ermənistana səfər edən Gürcüstan vətəndaşlarının sayı 53 707 (ötən il 24 158 nəfər), İran İslam Respublikası vətəndaşlarının sayı 25 458 (ötən il 23 291 nəfər) təşkil edib. İlk beşliyi Filippin vətəndaşları qapayır – 5981 nəfər, keçən il isə onların sayı 2036 nəfər olub.
2023-cü ilin yanvar-mart aylarında 2712 Türkiyə vətəndaşı da Ermənistana səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (1244 nəfər) 2,2 dəfə çoxdur).
Həmçinin qeyd edilir ki, 2022-ci ilin ilk 3 ayında Ermənistana 3 Azərbaycan vətəndaşı gəlsə də, bu il heç kim gəlməyib.