“Ermənistan və Azərbaycan bəzi məsələlərdə irəliləyiş əldə etsə də, fundamental məqamlarla bağlı həllini gözləyən mövzular var”.
Sfera.az bildirir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlarda məlum prinsip var – hər şey razılaşdırılmayana qədər heç nə həll olunmuş sayılmır. Hesab edirəm ki, danışıqlara bu baxımdan yanaşmaq lazımdır. Bir daha qeyd etmək lazımdır ki, danışıqlar davam edir”, - deyə Qriqoryan söyləyib.
O xatırladıb ki, Brüssel və ardınca Kişinyovda sammitin keçirilməsi planlaşdırılır.
Qriqoryanın sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərini Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da müşayiət edəcək.
“Gələcək sülh müqaviləsinin imzalanacağı dəqiq ünvanın Moskva, yoxsa Avropa şəhərlərindən birində reallaşacağına hələlik qərar verilməyib. Bu, irəliləyişin əldə oluna biləcəyi yerdə ediləcək”, deyə o əlavə edib.