​Yol kənarlarında ət kəsənlərin DİQQƏTİNƏ - olar ya olmaz?

​Yol kənarlarında ət kəsənlərin DİQQƏTİNƏ
13:54 10.05.2023
313 Sosial
A- A+
Kəsim məntəqələri heyvan kəsiminin, həmçinin insan qidası üçün yararlı ətin ilkin emalının həyata keçirildiyi məkan olduğundan xüsusi baytarlıq-sanitariya, sanitariya-gigiyena, eləcə də müasir tələblərə uyğunlaşdırılması vacibdir.

Paytaxtda mərkəzləşdirilmiş ət kəsim məntəqələri demək olar ki, çox az saydadır. Şəhər mərkəzində kəsilən heyvanlar vətəndaşlar üçün xoş olsa da, nə dərəcədə gigiyenik ola bilər? Üstəlik vətəndaşların gündəlik istifadə etdiyi yol kənarlarında kəsilməsi, heyvanın çirkab sularının yollara axıdılması isə bir problem. 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Referans.az"-a danışıb. Onun sözlərinə görə, heyvanların kəsilməsi üçün ayrıca rəsmi sənəd var. Heyvan necə kəsilməlidir, necə daşınmalıdır, necə satılmalıdır və s. Bu işlərə AQTA və yerli icarə hakimiyyəti qurumları nəzarət edir. 

"Qida Təhlükəsizliyi Agentliyi işə başlıyandan sonra strateji məqsəd kimi qoydu ki, bu məsələləri həll eləsin. Heyvanlar mərkəzləşmiş qaydada kəsilsin sonra ət satışı yerlərinə verilsin. Bu AQTA-nın əsas məqsədlərindən biri idi. Lakin AQTA bu hədəflərinə nail ola bilmədi. Nə üçün nail ola bilmədi? Baxmayaraq ki, icra hakimiyyəti strukturları ilə dəfələrlə ət kəsimi yerlərini sökdülər və cərimələdilər və s. Lakin mərkəzləşdirilmiş qaydada hər rayon üçün ayrıca ət kəsimi yerləri olsa da, lakin əhali küçədə diri kəsilmiş heyvanlara üstünlük verir".

Bəs görəsən əhali niyə bu cür kəsimlərə daha çox üstünlük verir? Sədr qeyd edir ki, bu proseslər AQTA-ya olan inamsızlıqdan irəli gəlir. 

"Tələb varsa, mütləq təklif olacaq. Yəni əhali gözləri ilə gördüyü heyvan ətlərinə tələbat yaradırlar. Ona görə də təklif meydana çıxır. Bazarlar öz aksiomu ilə işləyir. İnzibati yol ilə bazara məxsus məsələni həll etmək mümkün deyil. AQTA insanları maarifləndirib, onları o cür ət alışından çəkindirməkdənsə, inzibati yollarla gedir. Bu isə səhv bir yoldur. AQTA insanların inamını qazana bilmir ki, insanlar marketlərə üz tutsunlar. Ona görə inamını qazana bilmir ki, kütləvi informasiya vasitələrini təqib etmir. Onları izləmir ki, harada təhlükəli ət və balıq məhsulları satılır".

Eyyub Hüseynov onu da əlavə etdi ki, vaxtilə ona AQTA-dan verilən məlumata əsasən bu agentlik qoyduğu hədəflərə çatacaq. O vaxt ki, heyvanların identifikasiyası həyata keçirilsin. 

"Heyvanların identifikasiyası o deməkdir ki, hər hansı qidaya uyğun heyvan dünyaya gələndə onun qulağına "birka" vurulur və kompüter bazasına daxil edilir. O izlənilir, hansı fermer təsərrüfatında böyüyür. Əgər murdar olarsa, bazadan çıxarılır. Belə anormal vəziyyətə görə, bu cür ət kəsimi davam edir. Bunu cərimələr ilə ləğv etmək mümkün olmayacaq. Çünki əhali mağazadan alınan ətə inanmır".

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, agentlik daimi qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirir. Hətta ötən günlərdə Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.