​Ərdoğan Qarabağda türk hərbçilərini aktivləşdirir

​Ərdoğan Qarabağda türk hərbçilərini
10:08 12.12.2021
419 Siyasət
A- A+

Türkiyə və Rusiya prezidentlərinin sonuncu telefon söhbətində Ərdoğan Putinə bildirdi ki, Qarabağda vəziyyətə nəzarət etmək üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin imkanlarından istifadə edilməlidir.

Bu, Türkiyənin mərkəzlə bağlı istəyini ilk dəfə açıq şəkildə dilə gətirməsi idi. Ardınca Ankara Mərkəzlə bağlı iki addım atdı:

- Türkiyənin dövlət televiziyasının (TRT) əməkdaşı Mərkəzə ezam olundu: Mərkəzin fəaliyyətə başlamasından indiyə qədər ermənilərin atəşkəsi minimum 203 dəfə pozduğu açıqlandı və bununla türk hərbçilərin fəaliyyəti təqdim edildi;

- Türkiyənin Azərbaycandakı səfiri Bağçı və hərbi ataşesi general Zəkəriyə Yalçın Mərkəzi ziyarət etdi.

Azərbaycan torpaqlarında rus sülhməramlıları və onların himayə etdiyi separatçıların əl-qolunu bağlamağın hələlik yeganə yolu türk hərbçilərinin fəaliyyətini aktivləşdirmək və nəzarət məsələsində balansı tarazlamaqdır. Ərdoğanın etmək istədiyi budur. Və Bakı ilə Ankara sərhədin delimitasiya-demarkasiyasından sonrakı dövrə hazırlıq görür.

Bundan sonra Mərkəzin, xüsusilə Mərkəzdəki türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik.

 

Asif Nərimanlı