​İlham Əliyev daha iki qanunu təsdiqlədi

​İlham Əliyev daha iki qanunu təsdiqlədi
14:36 14.06.2023
153 Siyasət
A- A+

Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunub.

 Prezident İlham Əliyev bununla bağlı “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişiklik şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə) qoşulmasının qadağan edilməsinin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.

Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilib.

xxx

Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilib.

Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcək.