​Vasif Talıbovun başı qalmaqalda - SENSASİON DETALLAR

​Vasif Talıbovun başı qalmaqalda
17:04 14.06.2023
146 Ölkə
A- A+
“Bu qurumun təşəbbüsləri və Prezidentə müraciətləri cavabsız qalmayacaq”

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradılır. TNS xəbər verir ki, belə bir təşəbbüslə Naxçıvan Şəhər Məhkəməsinin sabiq sədri, tanınmış hüquqşünas, vəkil Hüseyn Həsənov çıxışı edib. Birliyin yaradılmasında məqsəd Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə insanlara vurulmuş ziyanın hesablanması və ödənilməsinə nail olmaqdır.

Son 30 il ərzində Vasif Talıbov və onun yaxın adamları tərəfindən minlərlə insanın əmlakı zorla əlindən alınıb, muxtar respublikada və ondan kənarda yaşayan naxçıvanlılara böyük məbləğdə ziyan vurulub. İnsanlara dəymiş zərərin Vasif Talıbovun və yaxın ətrafının şəxsi vəsaiti hesabına ödənilməsi məsələsi qaldırılıb.

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradıldıqdan sonra onun üzvləri V.Talıbovun məsuliyyətə cəlb edilməsi üçün ölkə başçısına müraciət edəcək. Birlik Naxçıvan məhkəmələrinin indiyə qədər qəbul etdiyi qanunsuz qərarları da gündəmə gətirəcək.

Bu barədə tanınmış jurnalist Aygün Muradxanlının rəhbəri olduğu Prime TV-nin dünən yayımlanan “Qırmızı masa” proqramında ətraflı bəhs olunub.

Naxçıvan əsilli tanınmış siyasətçilərin bu məsələyə mövqelərini aldıq.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bu kimi məsələlər insanların hüququdur: “Hər bir insan öz hüququnu qorumaq üçün konstitusiyada verilən imkanlardan istifadə etməlidir. Yəni bir insanın hüququ pozulubsa, öz haqqını istənilən vaxt tələb etmək imkanına sahib olmalıdır. Ona görə də normal bir prosedurdur. İnsanlar öz hüquqlarını qorumaq istiqamətində addımlar atırlarsa, buna qanunvericiliyimiz hər hansı bir şəkildə qadağa qoymur. Yəni qanunvericiliklə tanınan imkanlardır. Ona görə də bütün bu kimi məsələlərlə bağlı fəaliyyətin olması öz hüquqlarını qoruma, pozulmuş hüquqlarını bərpa etmək baxımından bu istiqamətdə problemləri həll etmək imkanı yarada bilər. Hər halda, bu istiqamətdə atılan addımlar müəyyən dərəcədə dövlət qurumları tərəfindən nəzərə alınmalıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev bu təşəbbüsün nəticəsiz qalmayacağına inanır: “Ölkədə aparılan bütün islahatların müəllifi ölkə prezidentidir. Naxçıvanda aparılan islahatların da müəllifi odur. Ora səlahiyyətli nümayəndə təyin etməklə Naxçıvanda vəziyyəti sahmana salmaq xətti götürüldü. Qalanları, əlbəttə, detaldır. Həm müxtəlif qurumların ləğv olunması, böyük, şişirdilmiş aparatların ləğv edilməsi, yerində kiçik idarələrin yaradılması, kadr məsələlərinin yenidən qaydaya qoyulması, müxtəlif yanaşmaların dəyişilməsi təqdir olunur. Naxçıvan üzrə təyin olunmuş nümayəndə də öz qurumunda öz kollektivi ilə fəaliyyətini həyata keçirir. Normal təşəbbüslər qəbul olunur. Əhali ilə sıx əlaqə var, görüşlər keçirilir, problemlər dinlənilir, onların uzun illər yığılıb qalmış problemləri həll olunur. İnsanların gözləntiləri çoxdur. Burada zərərçəkmiş çoxlu insanlar var. Bu gün belə bir təşəbbüslə Zərərçəkmişlər Birliyinin yaradılması gözləniləndir. Burada təəccüblü bir şey yoxdur. Çünki xeyli insan zərər çəkib. Əslində dağınıq şəkildə məsələlərə insanların fərdi şəkildə baxmağındansa, bir qurum ümumi olaraq bu məsələləri toplayıb ortaq fikir məcmusu kimi ortaya çıxarması daha normaldır. Bu həm aşağıların, yəni zərərçəkmişlərin xeyrinədir, həm də dövlət tərəfindən bunların sahmana salınması üçün qruplaşdırmaq imkanı yaranır. Ona görə də bu qurumun təşəbbüsləri və Prezidentə müraciətləri təbii ki, cavabsız qalmayacaq. Yaradılmış qurumun tərkibi ilə tanış deyiləm. Amma əgər bu məsələləri özündə ehtiva edən fəaliyyət olacaqsa, çatışmazlıqlar göstəriləcəksə, çıxış yolları önə çəkiləcəksə, buna dövlətimiz laqeyd qalmayacaq. İndinin özündə də Vasif Talıbovun komandasından korrupsiyada ittiham olunanlar, eləcə də həbsdə olanlar var. Araşdırmaılar davam edir. Müxtəlif qurumlarda yoxlamalar aparılır. Bu müraciətlərdən sonra təbii ki, bu yoxlamaların çərçivəsi böyüyəcək. İnsanların böyük gözləntiləri durmadan artır. Bir iki nəfərin varlanması, camaatı əzməsi müqabilində dövlətimiz, dövlət strukturlarımız gözdən salınıb. Buna imkan verməmək üçün təbii ki, bu insanlar cəzalandırılacaq. Bilinməlidir ki, yürüdülən bu xətt bir qrupa aid olub, bunun dövlətlə heç bir əlaqəsi yoxdur. Dövlət baba hər zaman hörmət edilən bir nəsnədir. Ona görə də belə bir ictimai nəzarətin qoyulması, iştirakçılığın təmin olunması çox mühümdür. Prezidentin özü bütün çıxışlarında cəmiyyəti ictimai nəzarətin qurulmasında fəal olmağa çağırıb. Hesab edirəm ki, təşəbbüsləri, sualları, çağırışları nəzərə alınacaq”.