Yeni sənədlə bu il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Təsdiq olunmuş qaydalara əsasən, yükdaşıyan konstruksiyaların etibarlılıq baxımından istismara yararlılığı, yəni dayanıqlı, möhkəm və seysmik cəhətdən davamlı olan, yanğın təhlükəsizliyi tələblərinə cavab verən, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı olan, torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüququ təsbit edilən və qeyri-yaşayış binasının mühafizə zonalarından kənarda yerləşən obyektərə sadələşdirilmiş icazə rejimi tətbiq olunacaq.
Göründüyü kimi, bu qanun eyni zamanda tikinti sektoruna qazanc mənbəyi kimi baxan məmurların da hərcmərcliklərinin qarşısının alınmasına, vətəndaşların əsaslı-əsassız incidilməsinə və rüşvət qalmaqalına atılan daş effekti də verəcəyi istisna edilmir.
Nəzərə alsaq ki, ilkin qiymətləndirmələrə görə, 40 mindən çox sənədsiz əmlak sadələşdirilmiş formada çıxarış (kupça) ala biləcəklər, bu rəqəmlər özü bir daha ölkə daxilində çox ciddi bir xaosun, özbaşınalığın Prezident İlham Əliyev tərəfindən zamanında qarşısının alındığı üçün verilmiş qərar olduğunu düşünməyə əsas yaradır.
Sənədə əsasən, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər. Bu proseduraların şəffaflaşmasına, eləcə də asanlaşdırılmasına ciddi töhvə verəcək. Nəticədə bugünə kimi tikinti sektorundakı bir qrup məmurun rüşvət tələbindən canı boğaza yığılan narazı kütlənin sürətlə azalmasına, prosedurun şəffaflaşmasına şahid olacağıq.
Lakin bütün bu özbaşınalıqlar təəssüflər olsun ki, məhz hər zaman biur qrup məmur tərəfindən yox, elə fərdi şəxslər, sahibkarlar tərəfindən müşahidə edilir. Bunu nəzərə alan dövlət başçısı ölkədə tikinti normativlərinə, qaydalarına əməl etməyib, harada, necə gəldi bəzi tikinti obyektləri ucaldaraq istismara verməsini də olduqca unikal və sadə yolla tənzimlənməsi qaydasını təsdiqləmiş oldu.
Qanunvericiliyə edilən bu istiqamətdəki növbəti dəyişikliyə əsasən, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunacaq. Məqsəd dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Bundan sonra, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan ediləcək ki, bu da faktiki olaraq həmin tikintini tamamilə istifadəyə yararsız olması anlamına gələcək.
Etiraf etmək lazımdır ki, tikinti sektorunun dinamik inkişafı ilə yanaşı bir sıra hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalara əməl olunmaması müşahidə olunur. Məhz bu qanun sözügedən qayda pozuntiularının öncədən qarşısının alınmasına gətirib çıxaracaq.
Bundan əlavə qanunda yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, müəyyən dövrdə qanunsuz tikilmiş və istismara yararlı qeyri yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə, gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək. Bu proses istiqamətində görüləcək işlər yaxın gələcəkdə ölkədə tikinti sektorunda özünün müsbət cəhətlərini digər tərəflərdən də göstərmiş olacaq.
Hər bir ölkə üçün onun tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdən hesab olunur. Ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafı əhalinin rifahının yüksəlməsinə təkan versə də, təəssüflər olsun ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur, nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilir.
Belə olan təqdirdə isə qanunda hər hansı bir boşluq olacağı halda bu proses tərəflər arasında ciddi mübahisələrə, mübahisələr isə əksər vaxtlarda hətta cinayətlərə də səbəb olur. Ona görə də bu sahədə ciddi nizam-intizamın yaradılmasına ehtiyac var idi.
Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət və sanksiyalar müəyyən olunur ki, nəticə etibarı ilə bu da həmin şəxslərin qanunsuz əməlləri qarşılığında itirəcəklərinin qazanacaqlarından dəfələrlə çox olduğunu gözə alaraq, fikirlərindən daşınıb, qanunsuz əməllərinə "stop" demələrinə yol açacaq.
Bu nöqteyi nəzərdən ümumilikdə, həm də nəzarətin sərtləşdirilməsi o deməkdir ki, məhz həm də icazə məsələsində rüşvəti seçəcək məmurun çox ağır cəzalanacağını gözə alaraq özbaşına inşa edilmiş tikinti obyektlərinə gözyummasını mümkünsüzə çevirəcək. Bu isə təhlükəsiz və rüşvətsiz yaşamaqla yanaşı, hər kəs üçün qanunun ali olmasına şərait yaradacaq./trend