​İlkin Süleymanovun məhkəməsində Nərmin Quliyevanın əmisi ifadə verib

​İlkin Süleymanovun məhkəməsində Nərmin Quliyevanın əmisi
23:59 15.12.2021
342 Toplum
A- A+

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

SÜLH.İNFO.az -ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi Lətif Quliyev ifadə verib.

Təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran L.Quliyevin verdiyi ifadə də istintaq zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edib.

Belə ki, məhkəmədə verdiyi ifadədə həmin gün evdə kimlər olub sualına cavab verən zaman böyük oğlunun da evdə olduğunu bildirib. Lakin istintaq zamanı böyük oğlunun adını çəkməyib. Buna səbəb olaraq isə bildirib ki, istintaq zamanı onun böyük oğlunun evdə olub-olmadığı barədə ondan soruşulmayıb.

"Nərminin itkin düşdüyü gün siz harda idiniz?" sualına isə evdə olduğunu lakin onun evə gəlib-getməsindən xəbərsiz olduğunu bildirib.

"Nərminin itkin düşdüyü gün çöldə oynayan oğlumu da çağırıb nahar etdik və sonra isə mən yatdım. Oyananda mənə kiçik oğlum bildirdi ki, Nərmin gəlib evdən gödəkçəni götürüb gedib. Mən sonra ciyər axşamına gedib, orada iştirak etdim. Hətta böyük oğlum da ora gəlmişdi, onu geri qaytardım ki, çoxluq olmasın", - deyə L.Quliyev bildirib.

O, Nərminin itkin düşdüyü xəbərini isə həyat yoldaşından eşitdiyini deyib.

Qeyd edək ki, L.Quliyevin ifadəsi növbəti məhkəmədə də davam etdiriləcək. Məhkəmənin növbəti iclası isə dekabrın 22-sinə təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. (Report.az)