Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur.
15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.