​Zülfüqar Hüseynzadənin ölümü ilə bağlı yeni faktlar - 2 il əvvəl...

​Zülfüqar Hüseynzadənin ölümü ilə bağlı yeni faktlar
15:54 19.06.2023
155 Ölkə
A- A+
Tanınmış jurnalist Elçin Zahiroğlu ötən gün vəfat edən Zülfüqar Hüseynzadənin 2 il əvvəl səhhətində yaranan problemlər barədə danışıb.

Jurnalist özünün "Facebook" hesabında bu barədə qeyd edib:

"İki il əvvəl onunla eyni binada otururduq. Bir gün halı qəfil pislədi. Mən çatanda tərin-suyun içindəydi. Təcili yardım şəkərin birdən-birə düşməsi “diaqnozunu” qoymuşdu. Bizim israrımızdan sonra xəstəxanaya götürmək qərarını verdilər. Binəqədidəki Məlikov adına xəstəxanaya aparırdılar, yolda dayandırdıq, “Semaşko”ya apardıq. Zülfüqarın istəyi ilə Qənirə Paşayevaya zəng elədim, sağ olsun, az sonra xəstəxanaya gəldi. Yol boyu Rəşad Mahmudovla əlaqə saxlamağa çalışıb ki, Zülfüqarı Gömrük Xəstəxanasına yerləşdirsin. Amma Rəşad doktor telefonu açmayıb.

Həkimlərin dediyinə görə, infarkt öncəsi vəziyyət olub, amma təhlükə keçib. Qərara gəlindi ki, gecə qalsın, səhər tam müayinə olunar. Otaqdan çıxanda qolumdan yapışıb “mən burda qalsam öləcəm” dedi. Bu vaxt Rəşad doktor Qənirə xanımı yığdı, vəziyyəti bilən kimi təcili yardım briqadası göndərdi. Gömrük Xəstəxanasına çatan kimi anjuya saldılar. 5-6 dəqiqə sonra həkim məni təcili angioqrafiya otağına çağırdı, orda Zülfüqarın böyük ürəyini gördüm, dedi, infarkt keçirir, çox az zaman var, yoxsa bu döyüntülər eşidilməyə bilər...

Beləliklə, Zülfüqar təcili əməliyyata götürüldü, Rəşad doktor stend qoydu. Qənirə xanımın sayəsində Rəşad doktorun operativ müdaxiləsi Zülfüqarı xilas etdi. Xəstəxanaya gedəndə iki adama xəbər verməyimi istəmişdi – Qənirə Paşayevaya və Elşad Eyvazlıya".

Qeyd edək ki, tanınmış jurnalist Zülfüqar Hüseynzadə dünən Kəlbəcərdə dünyasını dəyişib.