Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirib.
Sülh.info.az Report-a istinadən xəbər verir ki, S.Zas sərhəd məsələsinin yalnız siyasi-diplomatik yolla tənzimlənməli olduğunu deyib.
“Biz noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirik. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır. Aydındır ki, gərginliyi azaltmaq üçün həmişəkindən daha ciddi tədbirlərə ehtiyac var”, - baş katib bildirib.
Xatırladaq ki, bu gün S.Zasın Ermənistana üçgünlük səfəri başlayır. Səfər çərçivəsində o, ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.