Azad olunmuş ərazilərdə bir sıra böyük layihələrin məhz xarici investisiyalar hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir.
Sülh.info.az xəbər verir, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, hazırlanmış “Yaşıl enerji zonası konsepsiyası” investorlar da daxil olmaqla hər kəs üçün bölgəni ekoloji cəhətdən təmiz enerji ilə təchiz edərək böyük miqyaslı fəaliyyətin aydın mənzərəsini yaradır:
“Bu ərazilərdə yaşıl xarici sərmayə qoyuluşunun ilk nümunəsi 240 meqavatlıq günəş elektrik stansiyası üzrə BP ilə əməkdaşlığımızdır. Xarici investisiya hesabına digər bir layihənin Kəlbəcər və Laçın ərazisində reallaşdırılması nəzərədə tutulur. 100 meqavat gücündə külək elektrik stansiyası layihəsinə marağın öyrənilməsi məqsədilə investorlara məlumat sorğusu sənədi təqdim olunub”.
P.Şahbazov vurğulayıb ki, bundan əlavə işğaldan azad olunmuş ərazilərdə hidroenerji potensialının istifadə olunması istiqamətində müvafiq işlər görülür:
“Həmçinin 140 meqavat gücündə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının inşasının yaxın 2-3 ildə tamamlanması da regionun yaşıl enerji zonasına çevrilməsinə öz töhfəsini verəcək”.
Qeyd edək ki, Araz çayı üzərində və İranla sərhəddə yerləşən iki SES-in ümumi gücü 280 MVT-dır. O cümlədən “Xudafərin” SES-in gücü 200 MVT, “Qız Qalası” SES-in gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 milyon kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mliyon kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.