​Türkiyədə manatla alver etmək olacaq? - Professor

​Türkiyədə manatla alver etmək olacaq? -
09:30 22.12.2021
A- A+

Azərbaycan Dövlət İqtisad Universitetin Türk Dünyası İqtisad fakültəsinin dekanı, professor Mehmet Yücenin SÜLH.İNFO.az-a müsahibəsi:

- Mehmet bəy, Türkiyənin “Rəsmi qəzet”ində dərc olunan qərarla Azərbaycan manatı da “Ticarətə aid xarici valyutalar” siyahısına daxil edilib. Bu qərarın anlamı nədir?

- Bu o deməkdir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı Azərbaycan manatını ticarətdə istifadə edilən və konvertasiya olunan valyutalar siyahısına daxil edib. Konvertasiyaya gəldikdə isə bu, ümumiyyətlə, istənilən valyutanın başqa valyutaya dəyişdirilə biləcəyini göstərir. Konvertasiya əməliyyatları məzənnə adlanır və öncədən nəzərdə tutulan tədbirlər çərçivəsində həyata keçirilir. Lakin bu qərarda əsas nəzərdə tutulan məsələ valyutanın başqa ölkələrdə məqbul olması deyil. Bunu örnəklə izah etmək istəyirəm. Məsələn, Türkiyədə Azərbaycan manatı ilə ödəniş etmək istəyəndə, satıcı pulu qəbul etmir. Bunun səbəbi pulun konvertasiya olunmamağı deyil. Səbəb həmin valyutanın ehtiyat bir valyuta kimi qəbul olunub-olunmamasıdır. Sözügedən qərarla isə Azərbaycan manatı da Türkiyə Mərkəzi Bankı tərəfindən ehtiyat valyuta kimi qəbul olunacaq. Yəni hər hansı bir firma beynəlxalq ticarət əməliyyatlarında manatla hesab-faktura verə biləcək.

- Bəs əvvəllər Türkiyədə Azərbaycan manatı ilə alğı-satqı necə edilirdi?

- Əvvəllər manat sərbəst bazarda satıla bilərdi və məzənnə bazar şəraitində dollar pariteti nəzərə alınmaqla çarpaz məzənnə ilə müəyyən edilirdi. Manatın Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ticarət etdiyi valyuta hovuzuna daxil edilməsi ilə onun pariteti artıq Mərkəzi Bank tərəfindən müəyyən ediləcək və ehtiyat valyuta kimi qəbul ediləcək.